Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüququnu bilməyən sakinlərdən "vergi" adı altında qanunsuz ödənişlər tələb edilir
Hüququnu bilməyən sakinlərdən "vergi" adı altında qanunsuz ödənişlər tələb edilir
Binəqədi rayonu Biləcəri qəsəbəsində qanunsuz vergiyığmalar və əsassız bildiriş qəbzlərinin yerli sakinlərə paylanılması prosesi davam edir. İl sonuna az qaldığı üçün yerli bələdiyyə rəhbərliyi büdcəsini doldurmaq və özlərinin dediyinə görə, "qəsəbənin problemlərini həll etmək" üçün bu vergi vəsaitlərinə ehtiyac duyurlar. Ancaq bu qəsəbədə evlərin qanuni sənədi olmadığından, qanunvericiliklə bu yaşayış yerlərindən vergi toplamaq qanunsuzluq hesab olunur. Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov isə qəsəbədə həll olunmayan, sakinlər arasında narazılıqlara səbəb olan onlarla problemə səssiz qalır.

Bələdiyyənin vergi müfəttişi olan Gültəkin xanım bildirir ki, yığılan vergilər qanunsuz deyil və artıq bu ildən başlayaraq evlərin qeydiyyatı aparılır. Həmçinin, bu qəsəbədə əgər beş il yaşayırsansa, artıq mülkiyyət sahibi hesab olunursan. Belə olan halda əgər evin çıxarışı yoxdursa belə, bələdiyyə həmin yaşayış yerindən vergi tələb edir. Ancaq qəsəbədə beş ildən az yaşayanlardan belə bir ödəniş tələb olunmur. Gültəkin xanım hətta bələdiyyənin xarici ölkələrə nisbətən daha “insaflı” olduğuna işarə vuraraq, bu müddətin xarici ölkələrin bələdiyyələrində iki il olduğunu bildirir.

Biləcərinin vergi müfəttişi olan bu xanımın söylədiklərindən bir çox suallar ortaya çıxır ki, bələdiyyə nümayəndəsi həmin suallara cavab verməkdən yayınır. Ümumiyyətlə, "5 il yaşayıb mülkiyyət hüququ əldə etmək" kimi ideyanın haradan gəldiyi aydın deyil. Azərbaycan qanunvericiliyində belə bir məzmun yoxdur. Məsələn, qəsəbədə beş il yaşayan şəxs mülkiyyət sahibi hesab olunursa, onda nə üçün ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilmir? Əgər bu ildən qəsəbədə yerləşən yaşayış yerlərinə sənədlər verilirsə, onun növü nə olacaq? Bələdiyyənin vergi toplaması üçün qanunvericilikdən əsas gətirə biləcəyi maddələr varmı?

Həmçinin evlərə mülkiyyət sənədlərinin verilməsi də asan məsələ deyil. Çünki müxtəlif dövlət qurumları müxtəlif əraziləri öz mülkiyyəti elan edib. Məsələn, SOCAR Biləcərinin əksər hissəsini öz balansına daxil edib, baxmayaraq ki, o ərazilərin əksəriyyəti qanunvericiliyə əsasən SOCAR-a aid deyil. Xüsusən də mühafizə zolağı ilə bağlı SOCAR-ın iddiaları heç bir qanunvericilik sənədinə söykənmir. Sadəcə olaraq, həmin əraziləri özününkü elan edib və SOCAR-ın Neft Kəmərləri İdarəsi o ərazilərdə müxtəlif növ "yığım"larla məşğul olur. İndi belə bir situasiyada Bələdiyyənin məsələn, SOCAR-a qalib gələrək qanunçuluğu bərpa edə biləcəyi ağlabatan görünmür.

Təəssüf ki, bələdiyyənin vergi müfəttişi bu suallarımızın heç birini cavablandıra bilmədiyi kimi, hansı əsaslarla, qanunvericilikdə hansı maddələrə dayanaraq vergi topladıqlarına da aydınlıq gətirə bilmədi. Sadəcə olaraq, qeyd etdi ki, həmin vergilər mütləq şəkildə ödənilməlidir, ancaq onların nə üçün “mütləq” olmasını izah edə bilmədiyindən, bizi bələdiyyənin hüquqşünasına yönləndirməli oldu. Hüquqşünas məşğul olduğundan, onunla söhbətləşə bilmədik, amma Gültəkin xanım əlində çoxlu sayda sənədləri bizə göstərərək, qeyd etdi ki, bu sənədlər vergilərini ödəməyib bələdiyyə tərəfindən məhkəməyə verilən yerli sakinlərin məhkəmə sənədləridir.

Bəli, Biləcəri qəsəbəsində yaşayış evləri qanunsuz olaraq inşa edilib, həmçinin elə bu qəsəbənin bələdiyyə binası da qanunsuz tikili hesab olunur. Əvvəllər bu bina “kənd soveti” olduğundan, indi bələdiyyə binasını təsdiq edən sənədləri yoxdur. Öz qanuni sənədi olmayan yerli bələdiyyə indi bu qəsəbədəki sənədsiz yaşayış evlərindən qanunsuz vergilər toplamaqla məşğul olur. Qanunsuz gördükləri işlər bir yana, hətta tələb etdikləri ödənişi ödəməyən vətəndaşları məhkəməyə verdiklərini iddia edir, bir bağlama sənədi də buna nümunə olaraq bizə təqdim edirlər. Ortaya həqiqətən də çox ciddi suallar çıxır: sənədi olmayan evlərdən heç bir qanunvericiliyə əsaslanmadan qanunsuz vergi toplayıb, o “vergi”ni ödəməyən sakinlər məhkəməyə necə verilir? Məhkəmə bələdiyyənin qanunsuz əməllərinə necə bəraət qazandırır? Öz gözündə tiri görməyib, başqasında çöp axtaran – xirtdəyədək vergi bataqlığına batmış, öz qanuni sənədi olmayan, borcları ucbatından telefon xətləri qapadılan Biləcəri bələdiyyəsi hüququnu bilməyən vətəndaşlardan necə sui-istifadə edir? Növbəti yazımızda bu suallara aydınlıq gətirəcəyik.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »