Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
II "4.4" Qısa Tamaşalar Festivalı başa çatıb
II "4.4" Qısa Tamaşalar Festivalı başa çatıb

Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən II "4.4" Qısa Tamaşalar Festivalı başa çatıb.

Bizimyol.info xəbər verir ki, festival Şuşa ilinə həsr edilib. Festivalda maraqlı səhnə əsərlərinin nümayiş etdirilib, panel müzakirələr aparılıb və ustad dərsləri həyata keçirilib.

Festivalda çıxış edən Mədəniyyət Naziri Anar Kərimov festivalın əhəmiyyətindən danışıb və belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, festivalın keçirilməsində əsas məqsəd 44 günlük haqq müharibəsini sənət əsərləri ilə əbədiləşdirməkdir. Elə buna görə də, festivalın adı “4.4” adlandırılıb.

Nazir bildirib ki, pandemiya bir çox sahələrdən eləcə də mədəniyyətdən, teatrdan yan keçməyib. Festival həm də region teatrlarını stimullaşdırmağa hədəflənib. Festivalın fərqi isə, onun beynəlxalq festival olmasındadır.

“Festivala xaricdə yaşayan azərbaycanlı teatr mütəxəssislərinin cəlb edilməsi xüsusi əhəmiyyətə malikdir” - deyə nazir vurğulayıb.

Xatırladaq ki, bu dəfə festivala 20 tamaşa göndərilsə də, nümayiş etdirilməsi üçün 12 tamaşa seçilib.

Tamaşalardan 6-sı Bakı teatrlarına, 4-ü bölgələrdə fəaliyyətə göstərən teatrlara, 2-si də müstəqil teatrların tamaşaları olub. Festivalda 6 müsabiqədən kənar tamaşada nümayiş etdirilib. Bu dəfəki festivala dram teatrları ilə yanaşı kukla teatrları da qatılıb. Eyni zamanda festivalda K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı "Kreyser sonatası" tamaşasına da nümayiş etdirilib. Festival 5 gün davam edib.

Festivalda bu il ilk dəfə təsis edilən “Ən yaxşı aktrisa” nominasiyasının qalibi “İnanıram” tamaşasındakı roluna görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova, “Münsiflərin rəğbəti” mükafatının qalibi isə “Dərdlərimin çamadanı” tamaşasındakı ifasına görə Gəncə Dövlət Kukla Teatrının aktrisası Zülfiyyə Əliyeva seçilib.

Rejissor İradə Gözəlovanın Azərbaycan Dövlət Müsiqili Teatrında hazırladığı "Anamın kitabı" tamaşası Xüsusi Diploma layiq görülüb.

“Gənc ekspertlərin mükafatı”nın qalibi isə Azərbaycan Dövlət Pantomima Teatrının "Şinel” (rejissoru Ceyhun Dadaşov) tamaşası olub. Belə ki, festivalda müsabiqə proqramında nümayiş olunan 12 tamaşa arasında 1-ci yerə Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel”, 2-ci yerə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “İnanıram”, 3-cü yerə Səhnə teatrının “Qurd əfsanəsi” layiq görülüb.

Pantomim teatrında “Şinel” tamaşası

Mükafatları qaliblərə Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, həmçinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və digərləri təqdim edib.

Qeyd edək ki, festivalda birinci yerə layiq görülən yerə Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel” tamaşasının rejissoru Ceyhun Dadaşovdur. Rejissor tamaşanın süjet xəttini bir palto üzərində qurub. Palto, bu tamaşada məcazi məna daşıyır. Tamaşa insanların ömür boyu daha çoxuna can atmasını özündə əks etdirir. Maraqlıdır, hamının öz “paltosu” var və hamı başqasının”paltosuna” can atır.

Eyni zamanda “Şinel”in tamaşaçısı kimi qeyd edə bilərəm ki, tamaşa möhtəşəm hazırlanıb. Rejissor bir palto vasitəsilə cəmiyyətin bütün eybəcərliklərini tamaşaçıya çatdıra bilib. Qısası, “Şinel” birinciliyə layiq idi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »