Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranda hakim zümrənin daxilində parçalanma var"
"İranda hakim zümrənin daxilində parçalanma var"

Əxlaq Polisinin ləğvi ilə əlaqədar qərarı şərh edən İran baş prokuroru Məhəmməd Cəfər Montazeri əxlaq polisinin İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edildiyini desə də, bunun həqiqət olmadığı gün kimi aydındır. Birincisi ona görə ki, adında polis olan bir qurumun hüquq-mühafizə sistemi ilə əlaqəsinin olmadığını iddia etmək gülüncdür və məntiqsizdir. İkincisi, hüquq mühafizə sistemi ilə əlaqəsi olmayan qurum necə olur ki, uzun illər ərzində məhz hüquq-mühafizə funksiyasını icra edərək minlərlə insanın həbs olunması, saxlanılması funksiyasını icra edir? Bu açıqlama, verilmiş qərara don geyindirməkdən başqa bir şey deyil.

- Çox maraqlıdır, əxlaq polisinin hüquq-mühafizə sistemi ilə necə əlaqəsi olmaya bilər? Bu sərsəm iddia nəyi müdafiə etmək üçündür?

Politoloq Rəşad Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həqiqət ondan ibarətdir ki, İranın fars-molla rejimi bütün cəhdlərinə, repressiyalara, yüzlərlə insanı günahsız yerə öldürməsinə, minlərlə insanı həbs etməsinə baxmayaraq insanların gözünü qorxuda bilmədi və indi məcburən bu cür qərarlarla xalqı sakitləşdirməyə cəhd edir. Bunu, əxlaq polisinin ləğvindən bir gün öncə İran parlamenti tərəfindən baş örtüyünün məcburi olması məsələsini araşdıracaq olan ayrıca mədəniyyət şurasının yaradılması haqqında qərar da təsdiqləyir.

Rəşad Bayramov Rəşad Bayramov

“İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazerinin dediyinə görə, Mədəniyyət komitəsi təvazökarlıq və baş örtüyü ilə bağlı məsələləri xüsusi olaraq həll etmək üçün işçi qrupu yaradıb. Başqa sözlə desək, İran hakimiyyəti xalqa hətta baş örtüyü ilə bağlı məsələni belə müzakirə etməyə hazır olduğunun mesajlarını verir. Bütün bunları təbii olaraq İran rejiminin geriyə addım atması kimi qiymətləndirmək olar. Çünki rejim baş verənlərin qarşısını almaqda acizdir”- deyən Rəşad Bayramov qeyd edib ki, İran hakimimiyyətinin aksiyaları dağıtmaq üçün Rusiyadan kömək istəməsi, İran parlamentarilərindən ibarət nümayəndə heyətinin bu məqsədlə dekabrın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının Moskvada keçiriləcək iclasına qatılması da rejimi öz gücünə problem həll etmək iqtidarında olmadığını göstərir.

"İranda baş verənlər həm də onu göstərdi ki, hakim zümrənin daxilində parçalanma var və daxildəki qruplar İrandakı mövcud vəziyyətdən bir-birinə qarşı mübarizə vasitəsi kimi də istifadə edirlər. Elə Baş prokurorun Əxlaq Polisinin ləğvi ilə bağlı açılamasından bir gün sonra İran Daxili İşlər Nazirliyinin belə bir qərarın olmadığı haqqında bəyanatla çıxış etməsi və baş prokuror Montazerinin polisin fəaliyyətinə nəzarət edən səlahiyyət şəxs olmaması səbəbilə belə bir açıqlama vermək səlahiyyətinin olmadığını deməsi də hakimiyyət daxilində ciddi fikir ayrılıqlarının olduğunun bariz sübutudur. Sonrakı prosesləri indidən proqnozlaşdırmaq çətindir. Amma bir şey dəqiq məlumdur ki, proses artıq başlayıb. Birincisi xalqda bir oyanış baş qaldırıb, ikincisi pərakəndə şəkildə baş verən aksiyalar artıq sistemli şəkil alır və məlum olduğu kimi bu həftə bütün İran ərazisində üç günlük tətilin elan olunası ilə bağlı elanlar verilib. Bunlar da onu göstərir ki, artıq konkret təşkilatlanmış qüvvə va ya qüvvələr var" - deyən politoloq bildirib ki, İranda xalqın ən böyük problem lider və təşkilat problem idi, amma bu aksiyalar öz daxilində həm liderləri yetişdirərək üzə çıxardı, həm də onlar vasitəsilə təşkilatları formalaşdırdı. Bu da o deməkdir ki, indiki aksiyaların nəticəsinin nə olmasından asılı olmayaraq İranda dəyişikliklər olacaq. Gec ya tez xalq öz hüquq və azadlıqlarını təmin etmək üçün mövcud molla rejimini tarixin arxivinə göndərəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »