Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Cənubi Qafqazda “mollalıq” etmə iddiasındadırlar"
"İran Cənubi Qafqazda “mollalıq” etmə iddiasındadırlar"

Üç aydan çoxdur ki, İran daxilində etirazlar davam edir. Zaman-zaman İran rejiminə qarşı müxtəlif problemlər fonunda etirazlar olsa da, bu dəfə görünən odur ki, bu etirazları səngitməyə, yatırmağa İran rejimi nail ola bilmir. 65 uşaq olmaqla 400 nəfərdən çox etirazçının öldürülməsi, qadın, qoca, gənc, uşaq demədən günahsız insanların güllələnməsi, dəyənəklə döyülməsinə rəğmən bu gün yenə İran şəhərlərində etirazlar davam edir. Görünən odur ki, bıçaq sümüyə dayanıb və xalqı daha ölüm də qorxutmur. Bəlkə də, bu gün İran şəhərlərində etirazçılar ərəb səhralarında qolları vurularaq öldürülən Babəkin “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşdır” sözləri ilə hərəkət edir. İran rejimi də bu daxili çaxnaşmaları həll etmək əvəzinə yenə də Azərbaycana qarşı təxribatını müxtəlif vasitələrlə həyata keçirir.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın məqsədi öz daxilində olan o çaxnaşmadan diqqətləri yayındıraraq, uzun illər boyu İrana dostluq münasibəti nümayiş etdirmiş Azərbaycana qarşı bu addımları atmaq və Azərbaycanın daxilində çaxnaşma yaratmaq istəklərinin həyata keçirilməsi ilə bağlıdır.

Xəyal Bəşirov Xəyal Bəşirov

Politoloq hesab edir ki, bütün bunlar əbəsdir. Və İran rejimi uğursuzluğa düçar olacaq.

“İran tərəfi açıq şəkildə görür ki, həm İkinci Qarabağ müharibəsinə qədər, həm müharibə dönəmində və ondan sonrakı diplomatik və siyasi proseslərdə Azərbaycan xalqı Azərbaycan dövlətinin, dövlətçiliyinin və prezident İlham Əliyevin ətrafında sıx birləşib. Təbii ki, bu da İran tərəfini ciddi şəkildə narahat edən məqamlardan biridir” - deyə politoloq bildirib. Onun sözlərinə görə, zaman-zaman Arazın cənubunda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə və Azərbaycan iqtidarına dəstək nümayiş etdirmələri, bu istiqamətdə fikirlər səsləndirmələri, əslində, İranın hazırkı rejimini ciddi şəkildə narahat edir. Bu narahatçılığı İran tərəfi, İranın hazırkı hakimiyyəti fərqli şəkildə aradan qaldırmaq, ölkədə təməl hüquqların qorunması istiqamətində ən azı ilkin addımlar atmaq əvəzinə fərqli şəkildə həll etməyə çalışır. Bu narahatçılığını Azərbaycana qarşı təxribatçı addımları atmaqla ört-basdır etməyə və çıxış yolunu bunda görməyə çalışır.

Politoloqun fikrincə, İranın Azərbaycana qarşı yürütdüyü bu siyasət iflasa uğramağa məhkumdur. Çünki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və sabitliyin tərəfdarı olmağa xidmət edən bir dövlətdir. Azərbaycanın yürütdüyü siyasət də buna xidmət edir. Təbii ki, bu sabitliyi istəməyən qüvvələr var. Bu sabitliyi istəməyən qüvvələrdən ilk öndə duranlardan biri də İrandır.

“Özünün daxili problemlərini həll edə bilməyən İran Cənubi Qafqazda “mollalıq” etmə iddiasındadırlar. Amma, bunu ilk öncə onlar öz ölkələrində etməlidir. İran hakimiyyəti artıq 3-cü aydır ki, kütləvi şəkildə ölkənin bütün əhəmiyyətli şəhərlərində və yaşayış etirazlarını bildirən xalqının səsinə səs verməlidir. Onların hüquqlarının təmin edilməsi istiqamətində addımlar atmalıdır. Tamamilə fərqli münasibətin şahidi oluruq. Bu münasibəti davam etdirdikcə, ölkənin daxilində baş verən o problemlərin həllini, İranın hazırkı rejimi başqa-başqa ölkələrin ərazilərində qarışıqlıq yaratmaqla həll etməyə çalışdıqca, İranın hazırkı hakimiyyətinin süquta uğraması və İranda xalqın maraqlarına xidmət edən növbəti bir hakimiyyətin gəlməsi daha real görünür” - deyə Xəyal Bəşirov bildirib.

Politoloqun fikrincə, Azərbaycan bütün qonşu dövlətlərə, ümumiyyətlə, bütün beynəlxalq hüququn subyektlərinə hörmətlə yanaşır. Dövlətlərin ərazi bütövlüyünə, onların sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. Onların daxili işlərinə qarışmır. Eynilə də İranın daxili işlərinə qarışmama siyasəti yürüdür.

“Sadəcə, Azərbaycan dövlətinin başçısı prezident İlham Əliyev dünyanın istənilən nöqtəsində soydaşlarımıza qarşı təhlükəli vəziyyət yaranarkən öz narahatçılığını daim bildirib. Eynilə də İranda yaşayan milyonlarla soydaşımızın, həyatı üçün təhlükə yarandığı üçün Azərbaycan dövləti də bu məsələdə öz mövqeyini ortaya qoyması ilə bağlı siyasət nümayiş etdirir. Bunu təqdir etmək əvəzinə, Azərbaycan dövlətinin başçısı prezident İlham Əliyevin və digər rəsmilərimizin bu fikirlərini İranın daxili işlərinə qarışma adı altında qələmə verirlər. Bu şəkildə bizi ittiham edirlər. Əksinə, biz İranın daxili işlərinə heç vaxt qarışmamışıq. Amma, İran isə 30 ilə yaxın müddət ərzində, hətta, İkinci Qarabağ müharibəsindən sonra belə Azərbaycanın daxili işlərinə qarışaraq, Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçib, Xankəndinə və digər ərazilərimizə humanitar yardım adı altında qanunsuz silahlar və digər əşyalar daşıyır. Əgər, doğrudan da İran hakimiyyəti humanist siyasətin tərəfdarıdırsa, humanist siyasət yürüdürsə, İranda baş verən ixtisasların fonunda Azərbaycan dövləti üçün sərhədləri açsın. Biz oradakı milyonlarla soydaşımızın həyatının təhlükədə olduğu hazırkı dönəmdə onlara humanitar yardım edək. Əgər, bunu etmirsə, bu ondan xəbər verir ki, İranın hazırkı hakimiyyəti Avropada bəzi qüvvələr kimi ikili siyasət yürüdür. Özünün etdiyi əməli Azərbaycanın boynuna yıxmağa çalışır” - deyə politoloq əlavə edib.

Xəyal Bəşirov hesab edir ki, Azərbaycanın daxili işlərinə qarışan bir rejim Azərbaycanı onun daxili işlərinə qarışmaq da ittiham edir.

Politoloqun fikrincə, bütün bu proses anti Azərbaycan siyasətinin tərkib hissəsidir. Mümkün qədər Azərbaycan daxilində iğtişaşlar, narahatçılıq yaratmaq və bununla da regionda Azərbaycanın reallaşdırmaq istədiyi sülh prosesinə mane olmaq prosesinin tərkib hissəsidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »