Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yapon azarkeşlərin davranışı eyni zamanda diaspor fəaliyyəti sayıla bilər"
"Yapon azarkeşlərin davranışı eyni zamanda diaspor fəaliyyəti sayıla bilər"

Diaspor fəaliyyəti dediyimiz zaman göz önünə dəbdəbəli qonaqlıqlar, şəkərbura-paxlavalı bayram tədbirləri, önəmli günlərdə 5-6 nəfərin ziyafət masası ətrafına yığılıb çıxış etməsi gəlir. Çünki biz illər boyu buna şahid olmuşuq. Bəlkə də elə səbəb budur ki, uzun illər Azərbaycan həqiqətlərinə dünya göz yumub. Gördüyü tək həqiqət "qarın doldurma" məclisi olubsa, qınamaq da olmaz bəlkə də…

Media və ictimaiyyətlə əlaqələr mütəxəssisi Orxan Musabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, diaspor fəaliyyəti üçün külli miqdar vəsait xərcləyib, dəbdəbəli və zəngin qonaqlıqlar təşkil etməyə ehtiyac yoxdur. Vətəni, ölkənin mədəniyyətini tanıtmaq istəyən hər bir vətəndaşın istənilən fəaliyyəti diaspor fəaliyyəti adlandırıla bilər. Elə Qətər Dünya Çempionatında yarışlardan sonra stadionu təmizləyən yapon azarkeşləri kimi…

Orxan Musa Orxan Musa

“Qətərdə keçirilən Dünya Çempionatında sadəcə futbol izləmədik. Bu, sadəcə idman yarışı deyildi. Biz bu tədbir çərçivəsində, öncəsində və bundan sonra da müəyyən dərslər aldıq, alacağıq. Sosial şəbəkələrdə də müzakirə olunan çempionatdan əvvəl də mövzusu keçən bir çox məsələ var idi. Bu çempionatda biz futboldan başqa siyasi mesajlar, müxtəlif manevrlər, eyni zamanda idman strategiyaları və hamısından daha önəmli olan ictimai “mədəniyyət” nümunələri gördük. Bu çempionat müddətində saxta azarkeş mövzusu da oldu, içki qadağasından da söhbət açıldı. Bu mövzular təkzib də edildi. Bunların çempionatın imicinə zərər vermək üçün məqsədli yayılan dezinformasiyadan ibarət olduğu açıqlandı” - deyə Bizimyol.info xəbər portalına danışan Orxan Musabəylinin diqqətini Yaponiya Milli Komandasını dəstəkləməyə gələn yapon azarkeşlərinin oyun sonunda sərgilədiyi davranışı olub.

Ekspert qeyd edib ki, bu addımı həqiqətən nümunəvi addım hesab etmək olar. Belə davranışları daha əvvəllər başqa idman yarışlarında və başqa tədbirlərdə də yaponlar tərəfindən təkrarlanmasını müşahidə edən ekspert bildirib ki, hətta Yaponiyanın Qətərdəki səfirliyi də bu davranışla bağlı sosial şəbəkələrdə yayılan videolara və davranışa qarşı göstərilən ictimai dəstəyə öz təşəkkürünü bildirib.

“Videoda yapon azarkeşlərin, oyun bitəndən sonra stadiondakı yerə atılmış və oturacaqlarda unudulmuş müxtəlif vasitələri, özlərinə aid olmayan tullantıları da yığışdırıb stadiondan kənara çıxarması yer almışdı. Çox təqdirəlayiq davranış idi və böyük rəğbət qazandı” - deyə Orxan Musabəyli əlavə edib.

Ekspert bildirib ki, bir ölkənin tanıtımı, bir ölkənin tanıtımı üçün mütləq onun böyük vəsaitlər xərcləyib, böyük tədbirlər keçirməsinə ehtiyac yoxdur.

“Qətər Dünya çempionatına 300 milyard ABŞ dollarına yaxın vəsait xərclənib. Ancaq yapon azarkeşlərin bu davranışına göstərilən ictimai reaksiya ən az Qətərdə keçirilən çempionata xərclənən vəsait qədər dəyərli idi” - deyən Orxan Musabəyli hesab edir ki, yapon azarkeş bu davranış Qətərdə keçirilən Dünya Çempionatını tənqid edən ictimai kütlə tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Bəlkə də, çempionatda indiyə qədər gördüyümüz ən maraqlı vizual görüntü idi. Bu, eyni zamanda mədəni davranış idi. Bu davranış sadəcə orada müəyyən sayda olan azarkeşlərin hansısa vasitələr-tullantılar yığması deyil. Onlar bu davranışla eyni zamanda öz ölkələrinin mədəniyyətini təbliğ etdilər. Bu, ölkədəki ictimai mədəniyyətin sərgilənməsidir. Bir ölkəni, bir ölkənin cəmiyyətini, onun mədəniyyətini tanıtmaq üçün bəzən belə bir davranış, hərəkət də kifayət edir” - deyə ekspert bildirib.

Orxan Musabəyli vurğulayıb ki, diaspor fəaliyyəti sadəcə hansısa bir ölkədə ətrafına öz maraqlarına uyğun komanda yığıb, müəyyən sayda vətəndaşın, həmyerlinin iştirakı ilə keçirilən tədbirlərdən ibarət deyil.

“Diaspor fəaliyyəti sadəcə bundan ibarət olmamalıdır. Diaspor fəaliyyəti eyni zamanda öz ölkəsini, öz millətini, öz ictimai düşüncəsini sərgilənməsini təmin etmək, mədəniyyətini, incəsənətini, idmanını təbliğ etməkdir. Hansısa bir tədbirdə yerə düşən tullantıları toplamaq da o millətin ictimai mədəniyyətini əks etdirir. Bu, indiki dövrdə bir çox ölkənin cəmiyyəti üçün olduqca gözəl bir nümunəvi dərs idi” - deyə ekspert əlavə edib.

Orxan Musabəylinin fikrincə, diaspor fəaliyyəti böyük bir vəsait xərcləyərək, 10 nəfər həmyerlini və 5 nəfər əcnəbini bir süfrə arxasında toplayıb, yemək ziyafəti verməkdən ibarət deyil. Diaspor fəaliyyəti ölkənin vətəndaşının kənarda özünü, öz ölkəsini necə təmsil etməsi və onun mədəniyyətini, onun ictimai simasını göstərməsidir.

“Azərbaycan vətəndaşı olaraq, harada yaşamağımızdan, işləməyimizdən və ya hara səyahət etməyimizdən asılı olmayaraq, özümüzü, öz millətimizi, ictimai davranışımızı, mədəniyyətimizi göstərmək də bir diaspor fəaliyyətidir. Bunun üçün böyük vəsaitə ehtiyac yoxdur. Buradakı əsas nüans, vətəndaşın bu istiqamət üzrə maarifləndirilməsidir. Belə olduğu halda, vətəndaşlarımız da Azərbaycanı xaricdə layiqli şəkildə təbliğ edə bilər” - deyə Orxan Musabəyli vurğulayıb.

Qətər Dünya Çempionatı yaddaşlarda Yapon azərkeşlərin təmizkarlığı, mədəniyyəti ilə qaldı. Bəlkə Yaponiya haqqında məlumatı olmayanlar belə, həmin videodan sonra internetdə axtarış edərək, Yaponiya ilə yaxından tanış oldu. Bilmək olmaz…

Bəs Azərbaycan diasporu hansı fəaliyyətləri ilə yaddaşlarda qalır? Bu da çox maraqlı sualdır…

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Son xəbərlər
Bütün xəbərlər »