Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gənc Tamaşaçılar Teatrı “4.4 Qısa Tamaşalar Festivalı”nda ikinci yeri tutub
Dövlət Gənc Tamaşaçılar Teatrı “4.4 Qısa Tamaşalar Festivalı”nda ikinci yeri tutub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr tarixlərində keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) yekunlaşıb. “Şuşa ili”nə həsr edilən festivalın bağlanış mərasimi Akademik Musiqili Teatrında baş tutub.

Dövlət Gənc Tamaşaçılar Teatrının festivala təqdim etdiyi “İnanıram” monotamaşası 2-ci yerə layiq görülüb. Mükafatı münsiflər heyətinin üzvü, Əməkdar incəsənət xadimi Əli Əmirli təqdim edib. Əsərin müəllifi gənc dramaturq Ülviyyə Heydərova çıxış edərək qələmə aldığı “İnanıram”ı yer üzündə oğlan övladlarını itirmiş bütün analara həsr etdiyini dilə gətirərək münsiflər heyətinə və təşkilatçılara öz dərin minnətdarlığını bildirib.

“İnanıram” tamaşasında övladını itirmiş ana obrazını ifa edən teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova isə festivalın “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafatlandırılıb. Festivalın münsiflər heyətinin üzvü, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə aktrisanı təqdim edərək bu fikirləri səsləndirib: “Düşünürəm ki, Zemfira Əbdülsəmədovanın ifasını görən və bu tamaşanı izləyən hər bir kəs anlayırdı ki, burada sənət meyarından başqa, bir insan olaraq, canından, qanından pay vermək cəhdi çox ciddi idi. Bu peşəkarlıq göstəricisi ilə bərabər, həm də böyük vətəndaşlıq idi”.

Zemfira Əbdülsəmədova yüksək dəyərə və göstərilən etimada görə münsiflər heyətinə təşəkkür edib.

Dövlət Gənc Tamaşaçılar Teatrı “4.4 Qısa Tamaşalar Festivalı”nda ikinci yeri tutub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi “İnanıram” tamaşasının yaradıcı heyətini və festivalda mükafatlandırılan digər teatr kollektivlərini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.

Son xəbərlər
Bütün xəbərlər »