Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti Cahangir Novruzov Heydər Əliyev Fonduna müraciət edib
Xalq artisti Cahangir Novruzov Heydər Əliyev Fonduna müraciət edib

Azərbaycan Respublikasının xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Pantomim Teatrı ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O, qeyd edib ki, Bəxtiyar Xanızadənin Pantomim teatrı dünya mədəniyyəti və Azərbaycan mədəniyyəti üçün bir incidir.

“Pantomim teatrının binasına bir az diqqət verilsin. Bina yaxşı vəziyyətdə deyil. 1-2 ay içində oranı normal hala gətirmək lazımdır. İngiltərədən, Almaniyadan gələn qonaqlarımızın qarşısında mən utandım. O qonaqlardan biri mənə dedi ki, bu qədər gözəl bir şey gördük, Bəxtiyargil foyedə oynayırlar və səhnə bərbad vəziyyətdədir. Orada böyük bir problem yoxdur, 2 ay içində düzələcək, həll ediləcək şeydir. Azərbaycanın kiçik bir teatrı, 70-100 nəfərlik teatrı təmir etməyə gücü yoxdurmu? Təbii ki, var. Çox xahiş edirəm, Bəxtiyar Xanızadənin teatrına diqqət yetirin” - deyən Cahangir Novruzov əlavə edib ki, eyni zamanda “Yuğ” teatrının da yeri yoxdur.

“Azərbaycan üçün heç bir şey deyil. Gündə 10 dənə restoran üçün yer alınır. Bu teatrlardan birinin yeri var, birinin heç yeri də yoxdur” - deyə Cahangir Novruzov bildirib.

Professor həmçinin qeyd edib ki, gənc rejissorların ümid verici işləri var. “Doğru yoldadırlar, zaman gəldikcə öyrənəcəklər” - deyə Cahangir Novruzov əlavə edib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” keçirilib. Festival çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş təşkil olunub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »