Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu festival Azərbaycan teatrına çox şey qazandıracaq"
"Bu festival Azərbaycan teatrına çox şey qazandıracaq"

Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir. Festival çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda treninq keçirib.

Festivaldan sonra Cahangir Novruzov bir neçə televiziya proqramının qonağı olub. O, festivala dəvəti haqda fikirlərini bölüşüb:

“Keçən dəfə pandemiya şəraitində keçirilən bir festivalda mənim dəvət olunmağım mümkün deyildi. Dəvət olunsaydım da, gəlməyim bir az çətin olardı. Bilirsiniz, dünya hansı şəraitdə idi. Ona görə də mümkün deyildi. Amma indi festivalın təşkilatı çox gözəl bir səviyyədə təşkil olunub.

İngiltərədən, Almaniyadan, Polşadan, Rusiyadan, Gürcüstandan və digər bir çox ölkədən gələn qonaqlarımız var. Hətta gürcülər sadəcə qonaq şəklində deyil, bir teatr tamaşası ilə gəlib” - deyən professor qeyd edib ki, müsabiqədə olan tamaşaların içərisində “daha yaxşı ola bilərdi” deyilən tamaşalar da var.

“Mən bir münsiflər heyətinin üzvü olduğuma görə ad çəkməyim. Valeh olduğum aktyorlarımız var, adını çəkə bilmərəm. Münsiflər heyətində İsrafil İsrafilov, professor Aydın Talıbzadədir və digərləri var.

Çox gözəl bir fikir mübadiləsi var. Bizim münsiflər heyətinin çox gözəl paneli oldu. Mən çox sevindim, çox zövq aldım. Hərkəs öz dilində danışırdı, tərcüməçilər də var idi” -deyə professor qeyd edib.

Xalq artisti Cahangir Novruzov qeyd edib ki, bu festival Azərbaycan teatrına çox şey qazandıracaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »