Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndiki İranı biz Türklər qurmuşuq, sahibi də biz olmalıyıq"
"İndiki İranı biz Türklər qurmuşuq, sahibi də biz olmalıyıq"

Bir neçə gün öncə fəaliyyətsiz deputatlardan biri absurd bir açıqlama ilə gündəmə gəldi. Əksəriyyəti kimi Milli Məclisdə kreslo zəbt edib öz maraqları naminə deputat olan bu şəxs təklif edirdi ki, Azərbaycanın adı dəyişdirilsin. Bəli, yanlış oxumadınız. Azərbaycanın adının dəyişdirilməsini təklif edirdi. Burada bayağı da olsa, bir söz yerinə düşür: “Görəsən, bunlar nə yeyib nə içir ki, belə düşüncəyə sahib olar bilir?”

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlər Azərbaycan Respublikasının adının dəyişdirilməsi və Şimali Azərbaycan Respublikası adlandırılması kimi qeyri-ciddi, absurd fikirlər səslənməkdədir.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Bunun ideya müəllifləri Azərbaycanın parçalanmış, ikiyə bölünmüş xalqlar sırasında olduğunu nümayiş etdirmək üçün edildiyi ilə əsaslandırmağa çalışırlar. Kifayət qədər qeyri-ciddi bir təklifdir. Hər birimiz, hər bir Azərbaycanlı, eyni zamanda deputatlarımız üzərlərinə düşən işi daha layiqli yerinə yetirmək əvəzinə bəzən belə mənasız fikirlər səsləndirməklə özlərinin sərgilədikləri fəaliyyətsizliyi diqqətdən yayındırmağa çalışırlar. Bu günə qədər deputatlarımız ayrı-ayrı tarixçilərimiz, politoloqlarımız, mən də təbii ki, içində daxil olmaqla, daha ciddi və səmərəli fəaliyyət göstərsəydik, dünya dövlətləri, dünya xalqları bizim tariximiz ilə bağlı, xalqımızın başına gətirilən faciələr ilə bağlı daha ətraflı məlumatlı olardılar. Eyni zamanda deputatlarımız xarici ölkə diplomatları və deputatları ilə ünsiyyət qurarkən şəxsi maraqlar, şəxsi prizmalar üzərindən, öz biznes maraqlarını, biznes fəaliyyətlərini dəstəkləmək istiqamətində xahişlər etmək əvəzinə dövlətimizin, xalqımızın taleyüklü məsələləri ilə bağlı fikirlərini çatdırsaydılar və bu istiqamətdə mübarizə aparsaydılar, ən azı Fransa parlamentində qətnamə qəbul edilərkən, bir neçə deyil, daha çox deputat Azərbaycan əleyhinə qəbul edilən qərarın əleyhinə səs verərdi.

Amma baş verən hadisələr, Avropa parlamentində qəbul edilən əsassız qərarlar, Niderland parlamentində, ümumiyyətlə bir çox ölkələrin parlamentlərində müzakirəyə çıxarılan məsələlər və qəbul edilən qərarlar onu göstərir ki, Azərbaycan parlamentariləri öz funksiyalarına kifayət qədər məsuliyyət ilə yanaşmırlar. Azərbaycan maraqları, Azərbaycan dövlətinin yeritdiyi siyasətin qorunması istiqamətində ciddi fəaliyyət göstərmirlər. Təbii ki, Azərbaycan parlamentində öz işinə məsuliyyət ilə yanaşan və Azərbaycan maraqları uğrunda yorulmadan mübarizə aparan kifayət qədər deputatlarımız var. Amma təəssüf ki, əksəriyyət hələ də beynəlxalq münasibətlərdən, beynəlxalq ünsiyyətdən, xarici dövlət nümayəndələri ilə parlamentariləri ilə əlaqələrdən özlərinin şəxsi biznes maraqlarının təmin olunması üçün yararlanmağa çalışırlar”,- deyən politoloq xüsusi olaraq vurğulayıb ki, yaxşı olardı ki, bu deputatlar absurd, mənasız fikirlər səsləndirmək əvəzinə daha ciddi işlər ilə məşğul olub, xalqımızın, dövlətimizin və dövlət başçımızın apardığı gərgin mübarizəyə az da olsa töhfə versin.

Anar Əliyev həmçinin qeyd edib ki, səsləndirilən təklifin, heç bir tarixi və hüquqi əsası mövcud deyil.

“Birincisi ona görə ki, Azərbaycan qeyd edildiyi kimi iki imperiya tərəfindən ikiyə bölünməyib. Məhz Rusiya imperiyası tərəfindən Türk Qacarlar dövlətinin müəyyən bir ərazisi işğal edilib. İmzalanmış sülh müqavilələri ilə Qacar dövlətindən həmin ərazilər Rusiyaya verilib, Rusiya həmin torpaqları işğal edib.

İkinci bir məsələ ondan ibarətdir ki, Güney Azərbaycan torpaqlarımız Qacarlar dövlətinin tərkibində qalıb və həmin imperiya tərəfindən işğal edilməyib. Əksinə, Qacarlar Türk dövlətinin sonradan farslaşdırılaraq, fars dövlətinə çevrilməsi nəticəsində həmin ərazilərimiz İran molla rejiminin əsarətinə keçib. Hazırkı İran dövlətinin qurucuları, məhz bizim babalarımız - Türklər olduğu üçün, həmin ərazilərin sahibi də, idarəçiləri də əslində bizlər, yəni Türklər olmalıdır.

Üçüncü vacib məqam ondan ibarətdir ki, Şimali və Cənubi Azərbaycan terminlərinin işlədilməsi Azərbaycanın bölgüsünə gətirib çıxara bilər və bu heç də Cənubi Azərbaycanın İranın tərkibindən ayrılması və müstəqilliyi və yaxud da Şimali Azərbaycan ilə birləşməsi üçün hüquqi əsaslar formalaşdıra bilməz. Tam əksinə, daha ciddi maneələr formalaşdıra, yarada bilər”,- deyə Anar Əliyev əlavə edib.

Xatırladaq ki, deputat məlum təklifini əsaslandırmaq üçün Koreya xalqı ilə bağlı fikir səsləndirib. Tarixçi deyir ki, səsləndirilən bu nümunə də qüsurludur. Belə ki, Şimali Koreya və ya Cənubi Koreya adlı dövlətlər ümumiyyətlə mövcud deyil. Bir parlamentarinin, bir partiya sədrinin belə elementar məsələlərdən məlumatsız olması özü yaxşı hal deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »