Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATV-nin aparıcısı Zaur Baxşəliyev “Nərmin işi”nə görə dindirilə bilər
ATV-nin aparıcısı Zaur Baxşəliyev “Nərmin işi”nə görə dindirilə bilər

“Azad Azərbaycan” teleradio şirkətinin (ATV) aparıcısı Zaur Baxşəliyev 2019-cu il noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işi üzrə dindirilə bilər.

Bizimyol.info xəbər verir ki, noyabrın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində bu barədə məsələ qaldırılıb. Azyaşlının oğurlanıb öldürülməsində ittiham olunan İlkin Süleumanovun işinə bu məhkəmədə hakim Dadaş İmanovun sədrliyilə baxılır. İl yarımdır davam edən məhkəmə prosesində hazırda sənədlərin tədqiqi mərhələsidir - cinayət işinin materiallarında olan videogörüntülər tədqiq olunur.

Ötən məhkəmə iclasında İlkin Süleymanovun həbsdən sonra evlərinə gətirilib, orada ondan çəkilişlə ifadə alınması görüntüləri nümayiş etdirilmişdi. Sonradan İlkin Süleymanov həmin video ilə bağlı sualları cavablandırıb. Budəfəki məhkəmə iclasında sözügedən görüntülərlə bağlı suallara cavab verən İlkin Süleymanov bildirib ki, 2020-ci il yanvarın 14-də həmin görüntülər lentə alınarkən ayağında ayaqqabı yox, tərlik olması təsadüf deyil:

Zaur Baxşəliyev, "Bizimləsən" proqramından kadr, ATV Zaur Baxşəliyev, "Bizimləsən" proqramından kadr, ATV

“Yanvarın 14-də - o soyuqda tərlik geyinib küçəyə çıxmaq ağlabatan deyil. Mənim ayaqqabım vardı, amma işgəncədən ayaqlarım elə vəziyyətə düşmüşdü ki, ayağıma ayaqqabı geyinə bilmirdim. Ona görə tərlik geyindirib gətirmişdilər”.

İlkin Süleymanov bildirib ki, onu çəkilişə gətirməmişdən bir neçə gün əvvəl polislər gizli şəkildə evlərinə girib, otaqdakı əşyaların yerini qarışdırıblar. Onun sözlərinə görə, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov başda olmaqla, polislərin yanvarın 9-dan 10-na keçən gecə saat 4 radələrində onların evinə gizli girməsi məhkəmədə də sübut olundu. Məsələn, orada olan Azər Məmmədov adlı polis sualları cavablandırarkən həmin vaxt evində yatdığını desə də, telefon anten dairələrinə dair məlumat onun Süleymanovların ev tərəfdə olduğunu göstərirdi.

“Mən o evə daxil olanda gördüm ki, orada əşyalar əvvəlki kimi deyil, qarışdırılıb. Məhkəmədə dindirmələr zamanı məlum oldu ki, polislər yanvarın 9-dan 10-na keçən gecə bizim evimizə qanunsuz soxulublar. Güman edirəm ki, onda qarışdırıblar. Çəkilişdə də görünür, uşağın saxlandığı iddia olunan həmin otaqda dəzgaha qoşulmaq üçün faza keçir. Atam məhkəmədə dindiriləndə demişdi ki, dekabrda qalxıb o otaqda fazanı qoşub, bəzi işlər görüb. Həmin vaxt otaqda heç kim olmayıb. Bacım oğlu Nicat yanvarın əvvəlində o otağa qalxıb, anamın paltosunu gətirib ki, geyinib yas yerinə getsin. O da bildirdi ki, otaqda heç kim olmayıb. Videoda görünür, pərdənin arxasında həmin paltarlar var”, - İlkin Süleymanov bildirib.

O, videoçəkilişlə verdiyi ifadələrin hamısının yalan olduğunu vurğulayıb: “Əvvəl demişdim ki, bilmirəm, bu cinayəti niyə törətmişəm. Sonra övladlığa götürmək məsələsi ortaya çıxdı. Əlbəttə, bu da uydurmadır. Övlad kimi baxmaq istədiyim uşağı soyuq otaqda, əl-ayağı bağlı saxlamaq absurddur”.

Vəkillər bildirib ki, 6 yanvar 2020-ci ildə - yanmış meyit tapılan gün səhər saat 10-dan günorta saat 15.00-a qədər İlkin Süleymanov kəndin başqa sakminləri ilə birlikdə Gəncədə yas mərasimində olub. Amma videoçəkilişdə həmin gün haqqında danışarkən bu barədə heç nə deyilmir.

İlkin Süleymanov bunu belə izah edib: “O videoda danışdıqlarım hamısı uydurmadır. Həmin gün real baş verənlər onları maraqlandırmırdı”.

Videodan görünür ki, həyətə daxil olanda İlkin Süleymanov bu biri evə keçmək istəyir, müstəntiq qoymur: “Düşünürdüm ki, bəlkə ətrafda ailəmdən, qohumlardan kimisə görərəm, deyərəm ki, bu cinayəti mən eləməmişəm. Düzü, bilmirəm, onu da deməyə cəsarət edəcəkdim, yoxsa yox. Çünki onların əlində idim. Amma evdə də, küçədə də heç kimi görmədim”.

Məhkəmədə 2019-cu ilin sonunda – Nərmin itkin düşəndən sonra “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında bu hadisəyə həsr olunmuş reportaja da baxılıb. Aparıcı Xoşqədəm Hidayətqızı Dondar Quşçu kəndinə gedərək, orada Nərminin yaxınlarından müsahibələr alıb. Reportajdan da görünür ki, Xoşqədəm Hidayətqızı bir neçə dəfə Nərminin böyük bacısı Şəbnəmin, onun yoxa çıxmamışdan öncə sonuncu dəfə ünsiyyətdə olduğu əmisi oğlu Ayxanın ziddiyyətli danışdığını üzə çıxarır. Bunu onların özlərinə də deyir.

Bundan başqa, məhkəmədə uşağının meyitini kənardan gördüyünü, hətta morqda tanınmada özünün yox, qardaşı Akif Quliyevin iştirak etdiyini deyən Şərif Quliyev müsahibədə isə deyir ki, qızının meyitini yaxından özü görüb, üzdən tanıyıb. O, iddia edib ki, uşağın üzü yanmamışdı.

Amma cinayət işinin materiallarındakı fotolarda üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu görünür.

Nərminin özündən böyük bacısı Şəbnəm Quliyeva Xoşqədəm Hidayətqızına deyir ki, həmin gün bacısı xəstə olub, bu səbəbdən məktəbdən də icazə alıb tez gəlibmiş. Amma məhkəmədə Şərif Quliyevdən və qızı Şəbnəmdən həmin gün Nərminin xəstə olub-olmadığını soruşanda onların hər ikisi xəstə olmadığını demişdi.

Vəkillər ATV telekanalında Zaur Baxşəliyevin aparıcı olduğu proqramda Nərminin meyitinin tapılmasıyla bağlı onun çatdırdığı məlumatların da araşdırılmasını istəyib. Onlar Zaur Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsi məsələsini qaldırıblar:

“O deyir ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin də ifadəsində daşla bir zərbə vurduğunu deyir. Bu da işin faktiki hallarına uyğun gəlmir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev bir də deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi...”

Məhkəmə prosesi davam edir.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, Tovuz rayon Polis Şöbəsindəki işgəncələrə dözə bilməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olduğunu deyir.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »