Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponların Qətərdə sevgi "çempionatı" - Fotolar
Yaponların Qətərdə sevgi "çempionatı" - Fotolar

İlin sonuna 1 ay 1 gün qalıb deyə bilərik. Bu il nələr görmədik ki... Yanğınlara qurban "verilən" meşələrin qətliamını da gördük, çevrilmə rekordunu təzələyən virusdan törənən xəstəlikləri də gördük. Artan, azalan Covid nəticələrini də, kriptovalyuta dəyərlərini də görürük. Həyatımızı yeni terminlərlə "rəngləyən" iqtisadi böhran havasını içinə çəkmiş statistik göstəriciləri də, rəqəmsallaşan dünyadakı əhalinin rəqəmlərinin artışını da görməkdə davam edirik. Abort statistikalarını "bəzəyən", dünya işığından məhrum buraxılan, ana bətnində son nəfəsini verən qızları da görürük, işsizlik həddinin qat-qat qatlandığı dövrdə öz çəkisindən ağır işlərdə işləməyə məcbur edilən oğlan uşaqlarını da. Zorakılığın hər növünün tətbiq edildiyi, sınaq taxtası kimi münasibət görən qadınları da görürük. Şiddətdən öz "pay"ını alan, yanımızda "survivor" həyatı yaşayan heyvanları da...

Bir az geniş çərçivədən baxsaq, şimal qonşumuzun haqsız və ədalətsiz niyyətdən "güc" alıb öz kökünə vurduğu baltadan Ukrayna torpağına qan süzüldüyünü də görürük. Qərbdəki qonşumuzun səs-küy edib, işəyaramaz xarab oyuncaq kimi ayağımıza batırdığı parçaları da görürük. Cənubdakı qonşumuzdan bəhs etmirəm heç. Tənbəlin lətifəsində deyildiyi kimi: "Tanrım mən heç nə demirəm, sən özün görürsən". Daha nələr görürük, daha nələr görəcəyik...

Yapon azarkeşlər Qətərdə oyundan sonra stadionu təmizləyirlər

Baxıb gördüklərimiz, sadəcə, mənfi hadisələrdirmi? Şərin içində xeyir tapmaq mümkündürmü? Qaranlıqda işıq tapmaq olarmı? Bu suala yəqin ki, müsbət cavab verəcəyəm. Gizlənmiş xeyiri də, faydanı da, işığı da, ümidi də tapmaq mümkündür deyə düşünürəm. Bunu sosial şəbəkə gündəmini məşğul edən bir fəaliyyət üzərindən şərh edə bilərəm:

İçki məhdudiyyəti, kapitan sarğısı təhdidi, saxta azarkeş iddiası, idman oyununda pulyuma ittihamı və "qanuni" mərc oyunlarının oyunbazlığı çətiri altında gündəmi məşğul edən dünya kubokunda bir hadisə daha çox göz oxşadı. Daha əvvəlki tədbir və müsabiqələrdə də şahid olduğumuz bir fəaliyyəti yapon xalqının nümayəndələri bu il də təkrarladı. Yaponiya milli komandasını tək buraxmayan, varlığıyla dəstəkləyən yapon azarkeşlər futbol müsabiqəsini izlədikləri stadiondan ayrılmadan öncə könüllü təmizlik işləri aparıblar. Buna mədəniyyət deyən də var, inanclarından gələn təlqin deyən də, xarakter deyən də, vərdiş deyən də. Hər nə deyilsə də, normal insana aid olan bu addımın normadan yüksək dəyərləndirilməsinin də əhəmiyyətli səbəbləri var, əlbət.

FİFA Dünya Kuboku səhifəsinin paylaşımında yaponların könüllü təmizlik işlərinə təşəkkür məqsədi ilə belə bir paylaşım edildi: "Onlar ən böyük FİFA dünya kubokunu qazandı". Bu paylaşımdakı videoya sosial şəbəkələrdə alqış dolu şərhlər hələ də gəlməkdə davam edir. Yaponiyanın Qətərdəki səfirliyi də: "Ənənəvi səliqə-sahman mədəniyyətimiz haqqında xoş şərhlər eşitməkdən qürur duyuruq" şərhi ilə yeni bir paylaşım edib. Bu paylaşım da, paylaşımdakı davranış da alqışa layiqdir. Bir cəmiyyətin, bir ictimai mədəniyyətin və bir ölkənin ən sadə, ən səmimi və maliyyəsiz piarı üçün nümunədən danışıram. Bu nümunə piar mövzusunda hazırlanan dərsliklərə salınmalı və oxşarları ilə bərabər qeyd edilməlidir. Yaponların sərgilədikləri mədəniyyət nümunəsi Qətərin milyardlar xərclədiyi dünya kubokundan fərqli olaraq maliyyəsiz və daha çox kütləyə çatan bir piara çevrildi. Qətərin bu çempionatdan qazanacağından daha çoxunu qazandı yaponlar. Təkcə yaponlar deyil, bütün dünya bu mədəniyyətdən müsbət mənada təsirləndi və müsbət istiqamətləndirəcək bir təfəkkür qazandı. Bu davranış nümunəsi, sadəcə, mədəniyyətin bir parçası deyil, eyni zamanda onların Vətən sevgisinin göstəricisidir. Onlar öz ölkələrində, öz evlərində göstərdikləri davranışı bu gün Qətərdə, daha əvvəl başqa ölkələrdə təkrar ediblər. Öz evindəki davranışı öz vətəninə tətbiq edərək ölkəsini evi kimi görür. Eyni zamanda dünyanın başqa ölkələrində təkrarlayaraq dünyanı bütövlükdə evi kimi, vətəni kimi qəbul etdiklərini göstərirlər. Bu dünyada yaşamağa layiq bir millət kimi davranırlar.

Yapon azarkeşlər Qətərdə oyundan sonra stadionu təmizləyirlər

İnsan öz Vətəninə sevgisini göstərmək istəyirsə, bunun çox nümunəsi var. Əsgər əlinə bayraq alıb işğaldan azad etdiyi torpağa sancaraq Vətəninə sevgisini göstərir. Jurnalist əlinə qələm alıb həqiqəti yazaraq Vətəninə sevgisini göstərir. Müəllim əlimizdən tutub yazmağı öyrədərək, bilikli cəmiyyətin formalaşmasına vasitəçi olaraq Vətəninə olan sevgisini göstərir. Hakim ədalətli hökm verərək Vətəninə olan sevgisini göstərir. Bu sevgini başqa peşələrin sahibləri üçün də yazmaq olar. Peşəsindən asılı olmayaraq Vətənə olan sevgini göstərmək istəyən üçün çox yol var, çox iz var. Əsas o doğru yolu tapmaq, o izi görmək, öz izini çəkməkdir.

Yapon xalqı da öz Vətən sevgisi ilə özünəməxsus yol göstərir, iz qoyur. Bizim də onlardan görəcəyimiz, öyrənəcəyimiz yollar var. Öyrənmək üçün heç vaxt gec deyil. Vətən sevgimizi artıran yolları tapmaq istədikcə, gec deyil. Sadəcə, baxmaq, görmək kifayət etmir. Gördüklərimizdən öyrənməyə, dərs almağa davam etməliyik. Deyimdəki kimi: "Bu da bizə dərs olsun..."

Orxan Musabəyli, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Son xəbərlər
Bütün xəbərlər »