Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba: Ukrayna bəzi ölkələrin şıltaqlığından asılı olmamalıdır
Kuleba: Ukrayna bəzi ölkələrin şıltaqlığından asılı olmamalıdır

NATO ölkələri təcili olaraq silah istehsalını və eyni zamanda, müdafiə sənayesinə investisiyaları artırmalıdır.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı dərc olunan Avropanın “Politico” nəşrinə müsahibəsində deyib.

"Bu gün həm düşmənlə döyüşürük, onların həmlələrini dəf edirik, həm də sabahkı döyüşlərdə necə mübarizə aparacağımızı, çatışmazlıqları necə bərpa edəcəyimizi düşünürük", - Kuleba çərşənbə axşamı Buxarestdə Ukraynaya artan dəstəyi müzakirə etmək üçün iki günlük görüşdə bir araya gələcək NATO xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.

Kulebanın fikrincə, istehsalın artırılması digər məsələlərlə yanaşı zəruridir, çünki bəzi ölkələr öz silahlarını Kiyevə vermək istəmirlər: “Biz bir faktı da etiraf etməliyik: dünyada elə ölkələr var ki, onlarda Ukrayna üçün vacib olan vasitələr var, lakin siyasi səbəblərə görə onu kifayət qədər və qane edəcək miqdarda satmaq fikrində deyillər”, - deyə nazir vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti “qeyri-daimi tərəfdaşlara” daha az etibar etməlidir. “Onlara güvənmək və onları Ukraynaya silah tədarükünün zəruriliyinə inandırmaq üçün aylar sərf etmək əvəzinə, istehsala başlamalıyıq ki, ehtiyatları olan, lakin onları bölüşmək istəməyən üçüncü ölkələrin şıltaqlığından asılı olmayaq", - deyə Kuleba əlavə edib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qəbul etdiyi qərara əsasən Rusiya Ukrayna ərazisinə qoşun yeridərək müharibəyə başladığını elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Kiyevə silah tədarükünü milyardlarla dollar həcmində artırıb. ABŞ artıq Ukraynaya 20 milyard dollardan çox hərbi yardım edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »