Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Makron ABŞ-ın inflyasiya layihəsini müzakirə edəcəklər
Bayden və Makron ABŞ-ın inflyasiya layihəsini müzakirə edəcəklər

ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makronun Aİ ilə mübahisəyə səbəb olan ABŞ-ın inflyasiyanı azaltma qanununu müzakirə edəcəyi gözlənilir, lakin Vaşinqton qarşıdan gələn dekabrın 1-də keçiriləcək görüşdə bunu hər iki tərəf üçün faydalı hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

"Düşünürəm ki, biz inflyasiyanın azaldılması qanununun iki lider arasında müzakirə mövzusu olacağını mütləq gözləyirik. Biz onlara inflyasiyanın azaldılması ilə bağlı qanunun mahiyyətini daha yaxşı başa düşməyə kömək etmək üçün Aİ ilə işləməyi davam etdirmək niyyətindəyik", - brifinqin aparıcısı əlavə edib.

Rəsmi Vaşinqton bu qanunvericiliyə “iddialı iqlim hədəfləri” baxımından “tarixi nailiyyət” kimi baxır.

"Biz inanırıq ki, inflyasiya qanunu təkcə iqlim məqsədləri deyil, həm də ABŞ və Aİ üçün enerji təhlükəsizliyi imkanlarının artırılması, təmiz enerjiyə doğru irəliləyiş, eləcə də təchizat zəncirlərinin etibarlı tərəfdaşlara istiqamətləndirilməsi baxımından mühüm məqsədlərə nail olur. Bu, Avropa firmaları və Fransa firmaları üçün imkanlar yaradacaq. Biz həqiqətən inanırıq ki, bu, heç də sıfır məbləğli oyun deyil", – administrasiyanın nümayəndəsi deyib.

Sözügedən qanuna vergilərin azaldılması, müəssisələr üçün enerji imtiyazları daxildir və ümumiyyətlə, ictimaiyyəti Amerika məhsullarını almağa təşviq edir (“Amerikanı al” planı). Xüsusilə, söhbət istehlakçıları elektromobil almağa həvəsləndirən vergi güzəştlərindən gedir. 7500 dollara qədər vergi güzəştlərinin daxil olduğu bu cür güzəştlər yalnız ABŞ-da yığılan avtomobillərin alıcılarına şamil olunacaq. Aİ-nin iqtisadi cəhətdən ən güclü ölkələri olan Almaniya və Fransa qanunun proteksionist olduğunu və Avropa sənayesinə mənfi təsir etdiyini düşünür.

Bu ay fransız sahibkarları ilə görüşdə Makron amerikalı tərəfdaşların “dost olmayan siyasəti”ni pisləyib. Fransa liderinin Vaşinqtona səfəri ərəfəsində Paris və Berlin Avropa sənayesini rəqabət qaydalarını pozan Amerika qanunvericiliyinin təsirindən qorumaq üçün birgə işləmək barədə razılığa gəliblər. Keçən həftə Fransa-Almaniya işgüzar danışıqlardan sonra danışan Fransa İqtisadiyyat və Maliyyə Naziri Bruno Le Maire xüsusilə bildirib ki, AB nümayəndə heyəti dekabrın 5-də Vaşinqtona səfər edəcək və inflyasiyanın azaldılması qanunu ilə bağlı narahatlığını ifadə edəcək. O, Aİ tərəfdaşlarını “Avropa sənayesini effektiv şəkildə qoruya biləcək tədbirlərin qəbulundan imtina etməməyə” çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »