Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranda dövlət dili türk dili olsun, niyə fars dili olur..."
"İranda dövlət dili türk dili olsun, niyə fars dili olur..."

Bir neçə gün öncə dövlət başçısı ADA universitetində çıxışı zamanı qeyd edib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər?

“Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq” - deyə İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır. Həqiqətən də uzun illərdir ki, İranda Azərbaycan dili əzilir, sıxışdırılır, yox edilir. Burada yeganə məqsəd milləti yox etməkdir. Çünki bir millətin var oluşu onun dilinə bağlıdır.

Professor Xaləddin İbrahimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dil millətin varlığı ilə bağlı olan məsələdir. Dil yoxdursa, bir xalq da yoxdur. Xalqın adı, xalqın varlığı, xalqın kimliyi onun dilinə bağlıdır.

Xaləddin İbrahimli Xaləddin İbrahimli

Professor təəssüflə qeyd edib ki, İranda 20-ci yüzillik boyu və bu gün də Azərbaycan dilinin sıxışdırılması və ortadan qaldırılması kimi şovinist siyasət yürüdülür.

“Bu siyasət demək olar ki, 1925-ci ildən başlayıb. O dövrlərdə pəhləvilər bunu icra etməyə başladı. Çox çeşidli yöntəmlərdən istifadə etdilər. 1979-cu ildə ildə bu İslam faktlarını ortaya atdılar ki, İranda bir islam ümməti var. Dilin etnik kimlyinin heçbir önəmi yoxdur. Önəmi yoxdursa da, o zaman dövlət dili, türk dili olsun, niyə fars dili olur? Əgər bunun heçbir əhəmiyyəti yoxdursa da, əsas islamçılıqdırsa, etnik kimliyin bir əhəmiyyəti yoxdursa, o zaman başqa bir qaşqay dili olsun, bəluç dili olsun. Niyə fars dili olur? Bu da təbii ki, təməli olmayan yanlış bir siyasətdir, izaha ehtiyac yoxdur. Sırf fars şovinizmini ortaya qoyan bir siyasətdir ki, Pəhləvi dönəmindən başladı. Belə getsə, oradakı xalq da öz dilini itirəcək.

Bəzən bizimkilər hətta bəzi aydınlarımız da belə fikir yürüdürlər ki, oradakı xalq böyük xalqdır, çox saylıdır assimilyasiya ola bilməz, dilini itirə bilməz. Belə bir şey yoxdur, şovinistlər, İran mollaları dilin içərisini dağıdır. Dilin linqvistik, qramatik strukturunu dağıdırlar. Parça-parça qoparırlar, Azərbaycan dilini. Dili necə parça-parça qopardırlar? Kəlimələri, ana dilində - Türk dilində olan kəlmələri xalqın leksikonundan çıxardırlar. Onu məişət səviyyəsinə endiriblər, İranda Azərbaycan dili məişət dilidir. Ortalama 50-60 kəlmə ilə danışır insanlar. Avropadakılar, Türkiyədəkilər bizi aldatmasın ki, bunlar Türkiyədə və Azərbaycanda təhsil aldılar. Təhsil alanlar biraz başqa bir rakursdan yanaşma tələb edir. Amma xalq ümumi olaraq, ortalama 50-60 söz ilə danışır. Sonradan din vasitəsilə, bir sıra dini terminologiyalar ortaya çıxardılar. Sözlərin bir xeylisi farslaşdırıldı, xeylisi ərəbləşdirilidi, bir xeylisi də Azərbaycan kəlmələridir” - deyə professor qeyd edib.

Xaləddin İbrahimli bildirib ki, qurulan bir cümlədə 3 dildən istifadə olunur. Çox hibrid, konglament bir dil ortaya çıxıb.

Professorun fikrincə, indi İranda yaşayan azərbaycanlılarımızın, soydaşlarımızın danışığına diqqət etsək görərik ki, bir cümlədə 20 faiz ərəb kəlməsidir, 20-30 faizi fars, qalan 40 faiz Azərbaycan kəlməsidir.

“Bu, düşünülmüş bir şeydir. Dilin strukturunu dağıdırlar. Bu səbəbdən də, bu məsələ, 40 milyonun taleyi İranın daxili işi ola bilməz. Bu, humanist bir məsələdir. Bütün insanlığın problemidir. İkincisi də, necə İranın daxili məsələsi ola bilər ki, Azərbaycan parçalanmış xalqdır. Azərbaycanın kiçik bir hissəsi quzeydə, böyük bir hissəsi də güneydə qalmışdır. Necə yəni İranın daxili məsələsidir? Bu, Güney Azərbaycanın iç məsələsidir və güney Azərbaycanın iç məsələsi də bizim məsələmizdir. Dil bizim vahid bir xəzinəmizdir, vahid mirasımızdır. Nə qədər onların mirasıdırsa, eyni şəkildə bizim də mirasımızdır” - deyən professor qeyd edir ki, bu gün 50 milyonluq Azərbaycan toplumunun 10 milyonu dil yaratması prosesində, dilin qorunması və saxlanması prosesində iştirak edir. 40 milyon iştirak etmir.

“Bu bizi narahat etməməlidir? Bu, İranın daxili məsələsi ola bilməz . Dövlət başçısı doğru deyir. Bu məsələnin hərkəs üstünə getməlidi. Dövlət, siyasətçilər, müxalifət, hər kəs bu məsələdə diqqətli olmalıdır. Bu bizim üçün ümummilli məsələdir və bu məsələdə vahid mövqedən çıxış etmək lazımdır” - deyən Xaləddin İbrahimli bildirib ki, elə məsələlər var ki, orada hərəkət etmə imkanları çox məhduddur. Onlardan biri də, indiki şəraitdə quzey Azərbaycanın güney Azərbaycana feli dəstək verməsidir. Bu səbəbdən də, müxtəlif bəyanatlar, müxtəlif açıqlamalar və müxtəlif mövqelər sərgiləmək hələ ki, indiki zamanda yetərlidir.

Professorun fikrincə, bu da irəliyə doğru bir addımdır. Çünki, son 30 ildə Azərbaycan hakimiyyətindən ümumiyyətlə Cənubi Azərbaycan mövzusu ilə bağlı bir kəlmə belə eşitməmişik. İndi görürsünüz ki, yönətim, müxalifətdən də radikal çıxışlar edir, məsələni gündəmə gətirir, oradakı məsələni aktuallaşdırır və beynəlxalq gündəmə gətirir. Eyni zamanda xalqı həvəsləndirir, xalqı ruhlandırır. Həm güneydəkiləri, həm quzeydəkiləri və bir vahid platformada birləşdirir.

“Bunların hamısı önəmli məsələdir. Hamı bir arada milli dilin statusunun bərpa olunması mücadiləsi aparır” - deyən professor bildirib ki, bu nöqteyi nəzərdən feili bir hərəkət olmasa da, indiki dönəmdə deklarasiyalar və nəzəri açıqlamaların özü də çox faydalıdır.

P.S. Məhəmməd Taı Zehdabi hələ 1946-cı ildə Güney Azərbaycanda Azərbaycan dilinin önəmini özündə əks etdirən, İran rejiminə millətlərin fərqini izah edən “Sən osan mən buyam” şerində deyirdi:

“Özümə məхsus olan başqa elim vardı mənim,

Elimə məхsus olan başqa dilim vardı mənim.

İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,

Veribən qol-qola bundan sonra bir yolda gedək”…

Aradan 76 il keçib. Və bu gün biz Quzeyli, Güneyli Azərbaycan öz dili üçün mübarizə aparır, aparacaq…

“Əvvəla, özgə küləklərlə gərək aхmayasan,

Saniyən, varlığıma, хalqıma хor baхmayasan.

Yoхsa gər zor deyəsən, millətimi хar edəsən,

Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən”…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »