Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya "sülhməramlı"larının özbaşınalıqlarına niyə göz yumulur?
Rusiya "sülhməramlı"larının özbaşınalıqlarına niyə göz yumulur?

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. Yəni Azərbaycan sülh müqaviləsinin imzalanması üçün çalışdığı bir zamanda qarşı tərəf və havadarları, görünən odur ki, yenidən münaqişənin qızışmasına çalışır. Bunun qarşısını almaq əlbəttə Azərbaycanın səlahiyyətindədir. Əgər bölgədə anti-terror əməliyyatı keçirilərsə, təbii ki, bu beynəlxalq səviyyədə əks sədaya səbəb ola bilər.

Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sülhməramlı qüvvələrin BMT-nin mandatına uyğun olaraq, əsas funksiyası münaqişə edən silahlı tərəflər arasında münaqişəni sakitləşdirmək üçün addım atmaqdır. Bu, əslində kiməsə qarşı silah çevirmək və yaxud kiməsə qarşı hərbi əməliyyat keçirmək mənasını vermir. Yəni onlara qarşı təhdid yarandığı zaman sülhməramlılar bu silahlardan istifadə edə bilərlər.

Arzu Nağıyev Arzu Nağıyev

Deputat qeyd edib ki, hazırda Rusiya sülhməramlıları Qarabağ ərazisindədir və onlar haqqında xoşagəlməz hallar müşahidə edilir. Belə ki, Ermənistana müxtəlif istiqamətlərdən gələn yüklər, texnika “sülhməramlılara aid olması adı altında” separatçılara yardım məqsədilə daşınır.

Deputatın sözlərinə görə, bu məsələlərlə bağlı ciddi məlumatlar var və Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları bu məlumatları ictimaiyyətə çatdırır.

Arzu Nağıyevin sözlərinə görə, bu hallar Rusiya emissarı kimi tanınan Vardanyanın Qarabağa gəlişindən sonra daha da intensivləşib. Bu kimi halların qarşısını almaq da Azərbaycanın səlahiyyətindədir.

“Rusiya tərəfi məlumatlandırılsın, eyni zamanda sülhməramlıların həyata keçirdiyi hüquq pozuntuları ilə bağlı məruzələr hazırlansın. Bununla yanaşı, ən mühim məsələ, belə davam edəcəyi təqdirdə Azərbaycan tərəfinin hüququdur ki, öz ərazisində anti-terror əməliyyatı keçirsin” ,- deyən deputat vurğulayıb ki, çünki həm 10 noyabr sazişinə uyğun olaraq, həm Brüssel danışıqları olsun, həm Soçi görüşü və digər proseslərinin nəticəsinə görə, Azərbaycan ərazisində Ermənistana və yaxud hərhansısa ölkəyə aid silahlı dəstələr tərksilah olunmalı və çıxarılmalıdır. Amma görünən odur ki, qarşı tərəf bunu həyata keçirmək istəmir. Bununla belə, Azərbaycan tərəfi heç bir beynəlxalq hüquqa zidd olmadan bu prosesi özü reallaşdıra bilər. Bu da öz növbəsində regionda yenidən hərbi əməliyyatların baş verməsi, yenilənməsi deməkdir. Eyni zamanda heç də o demək deyil ki, regionda baş verən hadisələr beynəlxalq səviyyədə əks-səda verməyə bilər.

Deputat qeyd edib ki, həm Rusiya, həm də Ermənistan tərəfi ciddi şəkildə 10 noyabr sazişinə, eyni zamanda, sülhməramlı qüvvələrin mandatına uyğun olaraq hərəkət etməli və nəticə çıxarmalıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »