Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq icra başçısı: "O pulları alsam da, niyyət başqa olub"
Sabiq icra başçısı: "O pulları alsam da, niyyət başqa olub"

Şəmkirin keçmiş icra başçısı, 2021-ci ilin aprelindən həbsdə olan Alimpaşa Məmmədovun işi üzrə məhkəmə araşdırmaları başlayıb. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, noyabrıın 24-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama əsasən, Şəmkirdə müxtəlif bələdiyyələrin təsis etdiyi iri müəssisələr icra başçısının göstərişiylə onun oğlunun adına keçirilib. Şəmkir şəhər bələdiyyəsinə məxsus, şirə və cem istehsal edən zavod - "Abad Şəmkir” MMC-nin 1 milyon 335 min manat dəyərində payı 2018-ci ildə Alimpaşa Məmmədovun oğluna cəmi 180 manata satılıb.

Çinarlı bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə icra başçısının oğlunun şirkətinə - əŞəmkir səbəti” MMC-yə 40 manata satılıb.

Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olan idarənin müdirindən 240 min manat, 2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.

Sabiq icra başçısına ümumilikdə 132 epizod üzrə rüşvət alma ittihamı verilib. İttihama əsasən, pullar ona köməkçisi, birinci müavini, icra hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin müdiri vasitəsilə çatdırılıb.

Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzilin də rüşvət kimi verildiyi iddia olunur. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2 ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə iki mənzili alıb. İki mənzilin ümumi dəyəri 677 min manatdır.

İttihama görə, ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib. Bu vəsaitlərin bir hissəsi oğlu Adil Məmmədovun adına təsis olunan “Az Farel” MMC-nin tikinti xərclərinə yönəldilib.

İttihamlara münasibət bildirəm sabiq icra başçısı prokurorun rüşvət epizodlarıyla bağlı sualına cavab olaraq, özünü təqsirli bildiyini deyib: "Razıyam, heç bir problem yoxdur”.

Bakıda 677 min manatlıq evlərin rüşvət kimi alınmasına gəlincə, Alimpaşa Məmmədov bildirib ki, o, kimdənsə rüşvət və ya hədiyyə istəməyib. Onun sözlərinə görə, həmin mənzillər də indi 677 min manat dəyərləndirilsə də, tikinti yeni başlanan vaxt imzalanan müqavilədə qiymət 143 min manat olub.

Alimpaşa Məmmədov vurğulayıb ki, ittihamda cinayət kimi təqdim olunan əməllərə yol verilsə də, məqsəd şəxsi mənafeyi yox, əhalinin problemlərinin həlli, insanların dolanışığını təmin etmək olub. Çünki elə sahələr var ki, rayona vəsait ayrılanda büdcədə həmin məsələlərlə bağlı vəsait nəzərdə tutulmur. Qeyri-rəsmi ödənişlərin hesabına həmin işlər həll edilir.

“Mən vətəndaşları iş yeri ilə təmin eləmişəm, insanların dolanması üçün çalışmışam. Əgər bu israfetmə sayılırsa, nə deyirəm, razıyam. İttihamda bəhs olunan vəsaitləri rayonun idarəçiliyində, yeni iş yerlərinin yaradılmasında istifadə olunub. Yəni niyyət başqa olub", - Alimpaşa Məmmədov bildirib.

Keçmiş icra başçısının işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam edəcək.

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında "Abad Şəmkir” MMC - qida məhsulları istehsal zavodu, “Az Farel” MMC - balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »