Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda Rusiya vətəndaşı olan müdir işçiləri təhqir etdi, etirazlar başladı
Qazaxıstanda Rusiya vətəndaşı olan müdir işçiləri təhqir etdi, etirazlar başladı

Qazaxıstanın Taraz şəhərində “Kazfosfat”ın 500-ə yaxın əməkdaşı işi dayandırıb, tətil keçirmək qərarı verib. Onlar Rusiya vətəndaşı olan rəhbərlik nümayəndəsinə etiraz edirlər. Rəqəmsal transformasiya şöbəsinin müdiri Oleq Kulikov müəssisənin əməkdaşlarını “qoyun” adlandırıb. İşçilər bundan çox qəzəblənib, müdirin istefaya göndərilməsi tələbini irəli sürüblər.

Bizimyol.info xəbər verir ki, “Kazfosfat”a xüsusi təyinatlı polis dəstələri gətirilib. Zavodun əməkdaşları yenə dağılışmayıb. Yayılan videolarda onların qəzəbli çıxışları diqqət çəkir. Oleq Kulikov camaatın qarşısına çıxaraq üzr istəyib. Amma işçilər yenə sakitləşməyib. Bundan sonra “Kazfosfat”ın idarə heyəti Kulikovu işindən uzaqlaşdırmaq qərarı verib.

Aksiya iştirakçıları maaşlarının artırılmasını da tələb ediblər. İşçilərin orta əməkhaqqı 160-170 min təngədir (təxminən 350 avro). Lakin etirazın əsas mövzusu Rusiya vətəndaşlarının axınından narazılıq olub.

Videolardan birində fəhlələrin “qazax dilində danışın”, “Rusiyaya gedin”, “bizə belə şovinistlər lazım deyil”, “siz tam lovğasınız, bizə “qoyun” deyirsiniz” ifadələrini eşitmək mümkündür. Jambıl vilayət rəhbərliyi millətlərarası qarşıdurmanın olmadığını, zavod adi qaydada fəaliyyətini davam etdirdiyini bildirib.

Aksiyadan az əvvəl rusiyalı bloger Dmitri Drobnitski “Vladimir Solovyovla axşam” verilişinin efirində qazaxlar və Qazaxıstandan danışıb: “Diqqət edək ki, növbəti problem Qazaxıstandır. Çünki Ukraynadakı kimi nasist prosesləri orada da başlaya bilər. Orada çoxlu rusiyalılar, ərazilər var... Semipalatinsk də, bütün Rosatomumuzun nüvə yanacağı da oradadır”.

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib ki, bu cür bəyanatlar Qazaxıstanla Rusiya arasında ənənəvi sıx münasibətlərə xələl gətirir və Rusiya hakimiyyətinin uyğun reaksiyasına layiqdir.

“Kazfosfat” Niqmatulin qardaşlarına və Nursultan Nazarbayevin qardaşı oğlu Qalimjan Yesenova məxsusdur. Yesenov Qazaxıstanın ən nüfuzlu iş adamları reytinqində 17-ci sıradadır.

“Kazfosfat”ın əsas fəaliyyəti Jambıl vilayətində yerləşən yataqlarda fosfat filizinin çıxarılması, emalı, xammalın zənginləşdirilməsi, mineral gübrələrin, sarı fosfor və fosfor tərkibli məhsulların istehsalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »