Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya tanklarının yarıdan çoxunu itirib
Rusiya tanklarının yarıdan çoxunu itirib

Rusiya ordusunun itkiləri o qədər böyükdür ki, müharibənin uzun sürməyəcəyinə inanmamaq olmur. Rəsmi rəqəmlər Kreml qoşunlarının xeyli sıradan çıxdığını göstərir. Rusiya xüsusilə hərbi texnika baxımından əziyyət çəkir. Tankların təxminən yarısı itirilib.

Bizimyol.info xəbər verir ki, müharibə başlayandan Kreml qoşunlarının 8 mindən çox hərbi texnikası sıradan çıxıb. Bunun nəzərəçarpan hissəsi tankların payına düşür. Qərb mənbələri noyabrın 20-nə qədər düz 1500 tankın vurulduğunu bildirir. Bu rəqəmlə Ukrayna Müdafiə Nazirliyi razılaşmır. Rəsmi Kiyev Rusiyanın 2897 tankının məhv edildiyini irəli sürür. İndiyə qədər yayılan videolar ukraynalıların gerçəyə yaxın rəqəmlər açıqladığına işarə vurur. Yəni azı 2400-2500 tank vurulub. Bu isə Rusiyanın işlək vəziyyətdə olan tanklarının yarıdan çoxunun sıradan çıxması anlamına gəlir.

Qərb mənbələri bildirir ki, Ukraynanın məhv etdiyi hərbi texnikanın 516-sı 2000-ci ildən sonra istehsal olunan “Sosna-U” və “Essa” termal görüntüləmə nişangahları olan müasir modifikasiyalı tanklardır. Təxminən 200 tank tamamilə yanıb, təyinatını müəyyənləşdirmək heç cür mümkün deyil. Güman edilir ki, həmin hərbi texnikaların arasında müasirləri də var.

“Military balance” kataloqu müharibənin əvvəlində Rusiyanın saz vəziyyətdə 3417 tankının olduğunu açıqlamışdı. Bunlardan 2357-si son 22 ildə istehsal edilmişlərdir. Yəni köhnə tanklar bir o qədər işə yaramır.

Rusiya Federasiyasında tank istehsalına həmişə xüsusi diqqət ayırıblar. Hələ keçən il 240 tankın hazırlanması planlaşdırılırdı. Amma planı həyata keçirmək mümkün olmamışdı.

İndi Rusiya istehsal hayında deyil. Buna düz-əməlli imkan da yoxdur. İqtisadiyyat çökmək üzrədir. Rusiya daha çox Belarusun köməyinə ümid edir. Kreml qanadlı raket çatışmazlığına görə İranın pilotsuz uçuş aparatlarına müraciət etmişdi. Tank çatışmazlığını müəyyən qədər Belarus ört-basdır edə bilər. Amma ümumilikdə vəziyyəti sabitləşdirmək inandırıcı görünmür. Rusiya inanılmaz dərəcədə böyük itki verib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »