“Rusiya prezidenti Vladimir Putin hələ də Ukrayna üzərində nəzarəti bərpa etməyə çalışır. O, sülh danışıqları arzuladığını bəyan etsə də, ritorikada tarazlıq onun tərəfdarlarını qıcıqlandırır”.
Bizimyol.info Ukrayna saytlarına istinadən xəbər verir ki, bu barədə məlumatı Müharibə Araşdırmaları İnstitutu (ISW) yayıb. Bildirilir ki, Kreml Ukrayna üzərində nəzarəti bərpa etmək kimi maksimalist məqsədlərindən geri çəkilməyib, əksinə, Qərb ölkələrini çaşdırmaq və Ukraynanı sülh axtarmağa məcbur etmək üçün Rusiyanın məqsədlərinə qismən pərdə çəkməyə çalışır.
“Kremlin sözçüsü Dmitri Peskov noyabrın 21-də bildirib ki, Ukraynada mövcud hökumətin dəyişdirilməsi Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatının" məqsədi deyil və Rusiya prezidenti Vladimir Putinin "artıq bu barədə danışdığını" qeyd edib.
Oktyabrın 26-da Putin bildirib ki, Ukrayna “suverenliyini itirib” və tamamilə NATO-nun nəzarətinə keçib. Oktyabrın 27-də “Valday” diskussiya klubunda çıxışında Putin Ukraynanın suverenliyini yenidən rədd edərək, Rusiyanın Ukraynanı “yaratdığını” və “Ukrayna suverenliyinin yeganə real təminatının” yalnız Rusiya ola biləcəyini qeyd edib.
Putin həmçinin Ukraynanın nasist dövləti olması ilə bağlı tezisini də müdafiə edib. Putinin tələbləri Kiyevdə rejimin dəyişdirilməsini tələb etməyə bərabərdir, hətta o, son bəyanatlarında bunu açıq şəkildə tələb etməsə də.
Peskovun bəyanatı, çox güman ki, Rusiya Federasiyası Şurasının vitse-spikeri Konstantin Kosaçovun Rusiya Ukrayna ilə münasibətləri yalnız Ukrayna hökumətinin təslim olmasından sonra normallaşdıra biləcəyini söyləyən müharibəyönümlü çıxışının nəticələrini yumşaltmağa hesablanıb. Bu iki əks bəyanat müharibə tərəfdarı olan ictimaiyyəti çaşdırıb.
Hətta “Vaqner Qrupu” ilə əlaqəsi olan milbloggerlərdən biri Peskovun açıqlamasına cavab olaraq istehza ilə qeyd edib ki, “Rusiya məqsədsiz, dəqiq bir məqsədi olmayan müharibə” aparır”.
Leyla Mirzə, Bizimyol.info