Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Azərbaycan vətəndaşlarını Ukraynada haqsız müharibəyə cəlb edə bilər
Putin Azərbaycan vətəndaşlarını Ukraynada haqsız müharibəyə cəlb edə bilər

Hələ ötən aydan Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanlarının binalarında və pasport-viza xidmətinin filiallarında əcnəbilərin müqavilə ilə hərbi xidmətə götürülmələrinə dair məntəqələr açılıb. Yəni bundan sonra Rusiya silahlı qüvvələrində hərbi xidmət keçmək barədə müqavilə bağlamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eləcə də onların ailə üzvləri Rusiya vətəndaşlığını asanlaşdırılmış qaydada ala biləcəklər. Noyabrın 14-də isə, Rusiya Prezidenti Vladimir Putin 1999-cu ildə qəbul edilmiş hərbi xidmət qaydalarına dəyişiklik edib.Belə ki, Rusiya lideri xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmətə cəlb edilməsi qaydasını müəyyən edən fərman imzalayıb. Dəyişikliyə əsasən Rusiyada xarici vətəndaşlığı olan şəxslər Silahlı Qüvvələrdə hərbi xidmət keçəcək. Bu qanun ikili vətəndaşlığı olan şəxslərə də aiddir. Bilirik ki, Rusiyada rəsmi olaraq 2 milyondan çox azərbaycanlı yaşayır. Onların çoxu isə, ikili vətəndaşlığa sahibdir. Belə olan halda, ikili vətəndaşlığı olan azərbaycanlılar da məcburi şəkildə hərbi xidmətə, müharibəyə cəlb edilə bilər.

Azərbaycan qanunvericiliyinə görə isə ikili vətəndaşlıq qəbul edilmir. Və Azərbaycan vətəndaşlarının digər ölkələrdə müharibələrə qoşulması qanun pozuntusu hesab edilir. Eyni zamanda Azərbaycanda hərbi xidmət keçmiş ikili vətəndaşlığı olan Azərbaycan vətəndaşları var ki, onlar yenidən Rusiya-Ukrayna müharibəsinə cəlb edilə bilər. Bu kimi halların qarşısı necə alınmalıdır?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Putinin ikili vətəndaşlığı olan şəxsləri və ya rusyada müvəqqəti yaşamaq icazəsi olan şəxsləri orduya cəlb etmə qərarı tamamən qanunsuzdur. Çünki ikili vətəndaşlıqla bağlı orada fərqli müddəalar var. Əgər bu vətəndaşlar bir ölkədə hərbi xidmətdə olmuşsa, artıq ikincisində onlar çağırılmamalıdırlar.

Turab Rzayev Turab Rzayev

Digər müddəalarla bağlı Rusiyadakı Azərbaycan səfirliyi və Azərbaycan diaspor təşkilatları aktiv şəkildə işləməlidir. Azərbaycanlılar qanunsuz olaraq hərbiyə, Ukraynaya qarşı aparılan haqsız müharibəyə cəlb olunursa, bunun qarşısı alınmalıdır. Müvəqqəti yaşayış icazəsi olan və ya müvəqqəti əmək izni və ya təhsil alan şəxslər, hər hansısa bir şəkildə icazəli yaşayan şəxslərə bu ümumiyyətlə tətbiq oluna bilməz. Çünki onlar Rusiya vətəndaşı deyillər və müvəqqəti yaşayış icazəsi olması onlar heç bir halda hərbi məsuliyyətli etmir.

“Bu işdə həm Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi çox aktiv olmalıdır. Eyni zamanda Rusiyadakı səfirliyimiz, konsulluqlarımız və diaspor təşkilatlarımız açıq şəkildə azərbaycanlılara qarşı bu hüquqsuzluğun qarşısını almalıdır. Azərbaycanlılara qarşı belə hüquqsuzluğun baş verməsi, Azərbaycanlıların məlumatsızlığından istifadə edərək və ya hansısa şəkildə hüquqlarının müdafiə olunmadığına görə Ukraynaya göndərilməsinin qarşısı alınmalıdır. Çünki böyük ehtimalla həmin şəxslər orada “ət çəkən maşın" üçün canlı ətdən başqa bir şey olmayacaqlar”,- deyən politoloq hesab edir ki, vətəndaşlarımızın həyatını xilas etmək bizim üçün ən əhəmiyyətli məsələ olmalıdır.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »