Serbiya və Kosovo avtomobil nömrələri ilə əlaqəli olaraq yaranan böhranı və gərginliyi azaltmaq, münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial mediada iki ölkə arasındakı razılaşmanı açıqlayıb. Borrell elan edib ki, Kosovo və Serbiyanın baş müzakirəçiləri Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlar nəticəsində “gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi üzərində cəmləşmək” barədə razılığa gəliblər.
Josep Borrellin sözlərinə görə, Serbiya Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının verilməsini, Kosovo isə avtomobillərə lisenziya verilməsini yenidən dayandıracaq.
Xatırladaq ki, Serbiya Kosovoda serblər üçün seriya nömrələri çap edirdi. Kosovo hökuməti isə cümə axşamından etibarən Serbiya tərəfindən verilmiş nömrələrdən istifadə edən sürücüləri cərimələməyi planlaşdırırdı.
Məlumat üçün bildirək ki, elə seriya nömələrindən istifadə edənlərin sayının 10 min civarında olduğu təxmin edilir. Onu da qeyd edək ki, Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.
Rusiya mediası yazır ki, politoloq, siyasi elmlər namizədi Stanislav Bışokun sözlərinə görə, Belqrad və Priştina arasında qismən tanınan Kosovoya daxil olmaq qaydaları ilə bağlı razılaşmanın bağlanmasına demoqrafik vəziyyət təsir edib.
O, Serbiya hakimiyyətinin müqaviləni imzalayarkən niyə belə ilkin şərtləri nəzərə aldığını izah edib.
“Serbiyanın siyasi mədəniyyəti elədir ki, heç bir siyasətçi və ya ekspert tarixən Kosovonun serb olduğunu deməz, ona görə də serb olmayan Kosovo üçün mübarizə aparmağın mənası yoxdur. Bunu açıq demək olmaz, çünki bu, serb xalqının ruhuna toxunur”,- deyə Stanislav Bışok bildirib.
Leyla Mirzə