Noyabrın 13-də suriyalı terrorçu Əhlam Əlbəşirin İstanbulun “ürəyi” hesab edilən Taksimin İstiqlal küçəsində törətdiyi bombalı hücumdan sonra Suriya və Şimali İraqda meydana çıxan “Claw-Lock” əməliyyatı beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib.
Bizimyol.info xəbər verir ki, İstanbulda ötən həftə 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktından sonra Ankara Suriyada əməliyyat keçirilə biləcəyi siqnalını verib və bu ehtimallar beynəlxalq mediada geniş işıqlandırılıb.
Əməliyyatdan sonra mövzu ilə bağlı bir çox ölkədən açıqlamalar gəlib. ABŞ və Rusiya Suriyada belə bir əməliyyat istəmədiklərinin siqnalını verərkən, terrorçular ABŞ-da “qavrama əməliyyatı” keçirməyə başlayıblar.
Xarici media yazır ki, onurğasını PKK/PYD/YPG terror təşkilatlarının təşkil etdiyi və ABŞ-ın Ankara ilə fikir ayrılığı olan Suriya Demokratik Qüvvələri Türkiyənin əməliyyatından sonra hərəkətə keçib. Belə ki, Türkiyənin hərbi hava əməliyyatından sonra Suriya Demokratik Qüvvələrindən olan Mazlum Abdi ABŞ mediasına arxa-arxaya müsahibələr və açıqlamalar verib.
O, ABŞ-ın aparıcı xəbər agentliklərindən biri olan “Associated Press” və yeni nəsil media qurumu olan “Politico” ilə söhbət edib. Onun açıqlamaları Amerika mediasında geniş işıqlandırılıb. “Claw-Lock” əməliyyatından danışarkən Abdi Vaşinqtondan da kömək istəyib.
Abdi birbaşa ABŞ prezidenti Co Baydenə də müraciət edib. ABŞ-ın Ərdoğanın qarşısını almaq üçün “kifayət qədər iş görmədiyini” deyən terror təşkilatının lideri bundan gileylənib. Baydenin seçki zamanı onlara xəyanət etməyəcəyinə dair söz verdiyini ifadə edən Abdi, “Bizi qorumaq Vaşinqton rəhbərliyinin və ABŞ prezidentinin həm siyasi, həm də humanitar məsuliyyəti olduğunu düşünürük. Fikrimizcə, ABŞ-ın bəyanatları indiyədək yetərli olmayıb”,- deyə bildirib.
Digər tərəfdən, Abdinin açıqlamaları ilə yanaşı, “Politico”-da bəzi yeni məlumatlar ortaya çıxıb. “Politico”ya danışan və adını açıqlamayan yüksək rütbəli Pentaqon rəsmisi Türkiyənin əməliyyatından xəbərdar olduqlarını bildirib.
Leyla Mirzə, Bizimyol.info