Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın və Fransanın hərəkətləri təxribatlara xidmət edir"
"İranın və Fransanın hərəkətləri təxribatlara xidmət edir"

Noyabrın 15-də Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Qətnamədə Azərbaycan işğalçı ölkə kimi təqdim edilirdi. Bir tərəfdən Fransa digər tərəfdən İran və regionda sülüh bərqərar etməyə çalışan Azərbaycan. İran və Fransanın Azərbaycan əleyhinə davranışları sülh müqaviləsinin imzalanmasına kölgə salırmı?

“Ana Vətən” Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransa senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa hörmətsizliklə yanaşı Fransanın özünü inkar etməsidir. Fransanın daxil olduğu bir çox beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri də Fransadır ki, həmin qrumun Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına dair 4 qətnaməsi var.

Qəbul edilmiş qətnamənin siyasi və hüquqi əsası yoxdur. Həmçinin də icra mexanizmi. Avropa İttifaqının enerji təhlükəsizliyi ilə üzləşdiyi bir vaxta Azərbaycandan neft və qazın alınmasından imtinaya dair çağırışları da qoca qitənin digər ölkələri tərəfindən dəstəklənməyəcək. Belə qeyri-konstruktiv qərarlar dünyada beynəlxalq hüquqa olan zəif ümidləri də öldürür və göstərir ki, dünya hüquq müstəvisində yox, maraqlar, təxribat və güc konteksində idarə olunur.

Yalçın Hacızadə Yalçın Hacızadə

“Ümumiyyətlə son zamanlar Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bəzi ölkələrin aktivliyi müşahidə olunur. Həmin ölkələr regiona öz təsirlərini bərpa etmək məqsədi ilə münaqişənin davam etməsində maraqlıdırlar. Çox təəssüflər olsun ki, bəzi güclər, ölkələr münaqişələrdən qidalanırlar və öz varlıqlarını, təsirlərini belə hallardan istifadə edərək göstərməyə çalışırlar.

Azərbaycanın torpaqlarının işğal olunmasına, işğalda qalmasına dəstək verən ölkələr bir gün Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, regionda söz, güc sahibi ola biləcəyini düşünə bilməmişlər. İndi regionda yeni siyasi vəziyyət yaranıb, şərtləri Azərbaycan müəyyən edir. Bizə qarşı istənilən təhlükənin qarşısını ala biləcək Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi var” - deyən politoloq qeyd edib ki, əslində Ermənistan 44 günlük müharibədən özü üçün böyük dərs çıxarmalıdır. Ondan qabaq və həmin müddətdə də bu ölkələr Ermənistanı dəstəkləyirdilər, amma məğlubiyyətdən qurtara bilmədilər. Ona görə Ermənistan belə təxribatlara uymamalı, regionda sülhün yaranması, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına çalışmalıdır. Ermənistanın nicat yolu Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasındadır. Onu Azərbaycan və Türkiyə istəmədikcə uzaqda yerləşən Fransa və ya ölkəsində iki aydır davam edən üsyanlardan aciz duruma düşən İran qurtarmayacaq, qurtara bilməyəcək.

“İranın və Fransanın hərəkətləri regionda sülhün yaranmasına yox, təxribatlara xidmət edir. Nəticədə sülh razılaşmasının əldə olunmasından Ermənistan yayınır və müddəti uzadır. Amma bütün bu olanlara görə Azərbaycan oturub 30 ilin keçməsini bir daha gözləməyəcək. Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı Şuşada hərbçilər qarşısında çıxışında bildirdi ki, “Azərbaycan ordusu 2020-ci ildə olduğu vəziyyətdən indi daha güclüdür” və Ermənistanın sülh razılaşmasından yayınması ilə bağlı da “bizim səbrimiz tükənməz deyil” bildirdi. Əslində bu Ermənistana və onun havadarlarına açıq şəkildə xəbərdarlıq idi” - deyən politoloq bildirib ki, İranın hərbi təlim keçirməsinə, Azərbaycana qarşı yönəlmiş təxribatlarına və ya Fransanın hansısa qətnamələrinə baxmayaraq dövlətimiz hərbi gücü və siyasi iradəsi ilə öz məqsədinə çatacaq. Bu ilin sentyabr ayının 13-ü və 14-də Azərbaycan-Ermənistan sərhəddində baş verənlər, Ermənistan ərazisində yerləşən atəş nöqtələrinin Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilməsi hansı ölkənin nə qərar çıxarmasından, nə deməsindən aslı olmayaraq, dövlətimizin özünə qarşı təhlükəni dərhal aradan qaldıracağını göstərdi.

Azərbaycan regionda sülhün yaranmasında, regionun iqtisadi, nəqliyyat imkanlarından birgə istifadə olunmasında maraqlıdır. Ona görə müxtəlif platformalarda Ermənistanla danışıqlara gedir. Amma Ermənistanın alət olaraq istifadə olunması, kimlərinsə dəstəyinə arxalanaraq təxribatlarını davam etdirməsi onun sonrakı taleyini müəyyənləşdirəcək.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »