Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran vaxtilə atdığı addımların cəzasını çəkir"
"İran vaxtilə atdığı addımların cəzasını çəkir"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İslam Respublikasının bölgədəki Kürd partiyalarına qarşı hərbi əməliyyatını İraqın ərazi bütövlüyünün pozulması adlandırıb və bunu pisləyib. Ned Prays qeyd edib ki, İraqın ərazi bütövlüyünün pozulması noyabrın 20-dən 22-dək ölümcül hücumlarla davam edib. Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünün həyasızcasına və dəfələrlə pozulmasını qətiyyətlə pisləyir və İrandan bu zorakılıq və təhdidləri dayandırmasını tələb edir.

İran bölgədə bütün ölkələr üçün təhlükə mənbəyidir. Bunu artıq əksər dünya dövlətləri qəbul edib. Hələ bir müddət əvvəl Azərbaycana qarşı ikili davranışları da sübut edir ki, İran rejimi üçün dost-din qardaşı və s. kimi yaxınlıqlar da mövcud deyil. Ölkə daxilində olan çaxnaşmaları etirazçıları öldürməklə, cəzalandırmaqla sakitləşdirməyə çalışan İran rejimi görünür, sonrakı prosesləri gözardı edir.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloq Anar Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin rəsmisi Ned Praysın İran ərazilərinə hərbi müdaxiləsini kürdlərin sıx yaşadığı əraziyə müdaxiləsi, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması və başqa dövlətin ərazi bütövlüyünə hərbi təcavüz kimi qiymətləndirməsi düzgün yanaşmadır. Bu beynəlxalq hüququn prinsiplərinin tələb etdiyi mövqenin ifadəsidir. Eyni zamanda, bu həmdə ABŞ-ın Orta Şərq siyasətinə tamamilə uyğun olan mövqedir. Çünki ABŞ Suriya, Türkiyə, İran, İraq ərazisində məskunlaşmış kürdlər üzərindən bölgədə özünün təsir mexanizmlərini formalaşdırmaq və bölgə dövlətlərinə xüsusilə də rəsmi administrasiyaların siyasətinə təsir etmə imkanlarını daim qoruyub saxlamağa çalışır. Bu mənada İraq ərazisində kürdlərə qarşı SEPAH tərəfindən həyata keçirilən əməliyyat həm də ABŞ-ın Orta Şərq maraqlarına ciddi zərbə kimi qiymətləndirilə bilər. İran isə bunu ölkə daxilində baş verən proseslərə məhz həmin bölgədən ciddi dəstəyin verilməsi kimi əsaslandırmağa çalışır. İran rəsmiləri, İraq ərazisindəki ABŞ-nın ciddi dəstəyi altında olan, Qərb qüvvələrinin ciddi dəstəyi olan kürdlərin birbaşa proseslərə müdaxiləsi nəticəsində İran daxilində ictimai əsayişin, stabilliyin ciddi şəkildə pozulduğu qənaətindədir.

“İran bu gün ölkə daxilində proseslərə kənardan müdaxilənin qarşısını almaq üçün addım atarkən həm də bölgə dövlətlərinə sərgilədiyi münasibətləri bir daha diqqətlə nəzərdən keçirməlidir. Uzun illər ərzində işğalçı Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal altında olanda, Azərbaycanın dövlət təhlükəsizliyinə, dövlət suverenliyinə ciddi təhdidlər yarananda İran nəinki bu prosesə göz yumurdu, əksinə, açıq şəkildə işğalçıya dəstək verərək, bu hücumların böyüməsinə rəvac verirdi. Bu mənada bu gün eyni proseslə üzləşən İran vaxtilə atdığı addımların cəzasını çəkmiş olur. İran artıq Azərbaycan ilə münasibətlərin gərginləşməsində geriyə doğru atdığı addımlarda bu məsələdə kifayət qədər ciddi təsirə malikdir. Amma, daha çox amil kürd bölgəsindən gələ biləcək təhdidlərdən daha çox Azərbaycan dövləti və Azərbaycan xalqının, İranda xalqın azadlıq uğrunda mübarizəyə göstərdiyi mənəvi dəstəklə bağlıdır. Azərbaycan cəmiyyəti birmənalı şəkildə İran xalqının xüsusilə, Cənubi Azərbaycanlıların yanında olduğu və molla rejiminin Azərbaycanlılara qarşı kütləvi qətliam və terror törətdiyi indiki, anda proseslərə susmayacağını, proseslərə adekvat reaksiya verəcəyini açıq şəkildə bəyan etməsindən, sonra geri çəkilmək məcburiyyətində qaldı” - deyə politoloq izah edib. O, bildirib ki, əslində, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, onun liderinin proseslərə cüzi müdaxilə etməsi ilə reallığa uyğun mövqe sərgiləməsi ilə İran daxilində vəziyyətin nə qədər ciddi şəkildə dəyişdirə biləcək gücdə olduğunu gördükdən sonra İran dövləti, molla rejimi geri çəkilmək məcburiyyətində olduğunu gördü. Bundan sonra müəyyən mənada öz xalqına, milli kimliyinə arxa çevirənlərin dili ilə Azərbaycanla münasibətlərin pozulmasında maraqlı olmadıqlarını və bu proseslərdə tərəf kimi çıxış etmədiklərini göstərməyə çalışdılar.

Politoloq hesab edir ki, Ned Praysın yanaşması ABŞ-ın rəsmi mövqeyi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin İranda baş verən proseslərə bir münasibətidir.

“Çox təəssüf ki, təsirli və prosesləri dəyişə biləcək gücdə yanaşma deyil. Belə yanaşmalar İran molla rejimini, özünü daha rahat hissetməyə imkan verir. Bu onların daha repressiv davranmaları üçün daha münbit mühitin formalaşmasına, əslində, İran tərəfindən beynəlxalq hüququn ayaqlar altına atılmasına, rəvac vermiş olur” - deyə Anar Əliyev qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »