Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həsən bəy təklif edib ki, Bahəddin Həzi Türkiyə Türkcəsində də kitab yazsın"- Video
"Həsən bəy təklif edib ki, Bahəddin Həzi Türkiyə Türkcəsində də kitab yazsın"- Video

Azərbaycan Respublikasının əməkdar jurnalisti Bahəddin Həzinin “Ölümcül Həqiqətlər” adlı ilk kitabı işıq üzü görüb. Kitabda müəllifin son illərdə qələmə aldığı publisistik məqalələr, esselər, tanınmış şəxsiyyətlərin portretləri, yol qeydləri və bədii hekayələri, eləcə də, "Yadımdakı Qarabağ" poeması yer alıb. Eyni zamanda kitaba Bahəddin Həzi öz avtobioqrafik povestini də daxil edib. Əsər "Həyatımın ölümcül həqiqətləri" adlanır. Müəllif öz yazılarında ölkədə və dünyada baş verən hadisələri maraqlı, özünəməxsus rakursdan şərh edir.

Bu günlərdə “Ölümcül Həqiqətlər” kitabının nəşrində iştirak etmiş Orxan Musa, əməkdar jurnalist Bahəddin Həzinin ilk kitabını Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən "Yıldızlar Tanıtım Organizasyon" LTD-nin rəhbəri, rejissor-prodüser Hasan Yıldıza təqdim edib. İş adamı ilə görüş keçirən Orxan Musa bir neçə nüansa diqqət çəkib, kitab haqqında Hasan Yıldıza ətraflı məlumat verib. Bu barədə Bizimyol.info xəbər portalına Orxan Musa danışıb. O, qeyd edib ki, Həsən Yıldız “Ölümcül Həqiqətlər” kitabı haqqında öz xoş təəssüratlarını bölüşüb.

Bahəddin Həzi Bahəddin Həzi

Hasan Yıldız bildirib ki, Bahəddin Həzinin “Ölümcül Həqiqətlər” kitabını oxumaqdan məmnunluq duyacaq. Daha sonra Hasan Yıldız müəllifin yeni kitablarını səbrsizliklə gözlədiyini dilə gətirib.

“Həsən bəy təklif edib ki, Bahəddin Həzi Türkiyə Türkcəsində də kitab yazsın. Dəyərli iş insanı bildirdi ki, Bahəddin Həzi Türkiyə-Azərbaycan münasibətləri, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri ilə bağlı məqalələrinin, yeni fikir və şərhlərinin yer aldığı kitab yazarsa, bu mövzuda yazılan kitab Türkiyə cəmiyyəti tərəfindən də maraqla qarşılanar. Həsən bəy vurğuladı ki, əgər müəllif, Türkiyədə Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı kitab çap etməyi düşünərsə, ona mümkün olan bütün dəstəyi göstərməyə hazırdır. Həsən bəy, Bahəddin Həziyə ilk kitabını imzalı şəkildə onun üçün göndərdiyinə görə də, öz təşəkkürünü bildirdi, müəllifə, yaradıcılığında və iş həyatında uğurlar arzuladı. Və yaxın zamanlarda müəlliflə görüşmək istəyini də dilə gətirdi. Görüş zamanı Hasan Yıldız öz yazdığı "Gelecek henüz avuçlarınızda" adlı kitabını Bahəddin Həzi üçün imzalayıb və xoş arzularını qeyd etdi”,- deyə Orxan Musa bildirib.

Xatırladaq ki, Bahəddin Həziyev 1965-ci il aprelin 28-də Füzuli rayonunun Seyidəhmədli kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirən Bahəddin Həziyev, jurnalistikaya gənclik illərində başlayıb. Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzində, “Xazar” jurnalında, Turan İnformasiya Agentliyində, “Azadlıq”, “Çağ”, “Avrasiya” və “Eksperess” qəzetlərində, eləcə də “Azadlıq” radiosunda işləyib.

Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı

Və Bahəddin Həzi “Ölümcül Həqiqətlər”ində deyir: “Bəzilərimiz Allahdan şöhrət istədi, əvəzində “Şöhrət” ordeni ilə “cəzalandırıldı”! Sağlam can istədik Rəbbimizdən, di gəl ki, bütün günü bədənimizin əleyhinə işləyirik. Məsələn, dayanmadan - dayanıb düşünmədən, düşünüb dayanmadan yeyirik, içirik, gəzirik, ancaq, məsələn, piyada gəzmirik. Günlük 3-5 kilometr və sair və ilaxır. Və axırda həkimə o vaxt gedirik ki, artıq gedə bilmirik; bizi aparırlar...

Bəli, Allahdan uzun ömür istəyirik sanki. “Nə qədər?!” deyə soruşsan, cavab belə olacaq: “Allah bilən məsləhətdir”. Üzündən keçib deyə bilməyəcəksən: “Məsləhət Allahındırsa, işinə niyə qarışırsan?! Sənin işin, sadəcə, yaşamaq! Sənə verilmiş bu həyatı bunca il plansız-proqramsız yaşadığın bəs deyil, hələ bir ölümünü də əvvəlcədən özün planlaşdırmağa çalışırsan?! Nə həddinə?! Nə vaxt uğurlu yaşadın ki, hüzurlu ölmək istəyirsən?!”…..

Azərbaycanlı jurnalistin kitabının qardaş ölkədə maraqla qarşılanması qürurvericidir. Ümid edirik ki, yaxın zamanlarda Bahəddin Həzi, Türkiyə Türkcəsində yeni kitabı ilə oxucularını sevindirəcək.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »