Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə daha doğru seçimdir" - Azərbaycan Rusiya silahından imtina edəcəkmi...
"Türkiyə daha doğru seçimdir" - Azərbaycan Rusiya silahından imtina edəcəkmi...
İkinci Qarabağ Müharibəsində ordumuzun düşmən üzərindəki böyük qələbə payında heç şübhəsiz ki, düşmənin hava məkanına nəzarətin və eyni zamanda Hərbi Hava Qüvvələrimizin (HHQ) əvəzolunmaz rolu oldu. Pilotsuz Uçuş Aparatlarının (PUA) yüksəkdəqiqliklə məhv etdiyi hədəflər arasında Ermənistanın Rusiya istehsalı zirehli texnikalarının olması, xüsusilə tankların döyüş meydanındakı “çarəsizliyi” bir daha bu texnikaların sorğulanması üçün əsas zəmini yaratmış oldu. Rahatlıqla demək olar ki, İkinci Qarabağ Müharibəsi eyni zamanda bir hava müharibəsi idi ki, Azərbaycan Silahlı Qüvvələri həm də məhz bu üstünlüyünə görə qalib gələ bildi.

Elə bu üstünlük, xüsusilə də Türkiyə istehsalı PUA-ların döyüş meydanında öz sözünü deməsi, rus zirehli texnikalarının “Bayraktar”, “Harop” və bu kimi PUA-lar qarşısında çarəsizliyi və iflic vəziyyətə düşməsi, Rusiya texnikalarının, ən önəmlisi də tanklarının yenidən sorğulanmasına, bu barədə Azərbaycanla yanaşı digər dünya ölkələrinin həmin texnikalar barədə yenidən götür-qoy etməsinə səbəb oldu.

Azərbaycanın tank arsenalını əsəsən, Rusiya istehsalı olan “T-72” “T-90S” tankları təşkil etsə də, bu tanklar Ermənistanın və Rusiyanın malik olduğu eynimarkalı tanklardan xüsusi modernizasiyasına görə fərqlənir. Azərbaycanın tank arsenalında rus istehsalı tanklar üstünlük təşkil etsə də, onların İsrail və başqa ölkələrdə köklü modernizasiyadan keçməsi, bu texnikalara döyüş meydanında ciddi üstünlüklər qazandıra bildi. Tanklarımızda gecə döyüşlərində termal görüntü qabiliyyətinin artırılması, zireh qalınlığının daha da təkmilləşdirilməsi və hədəflərin tam məxfiliklə və lazer qabiliyyəti ilə işarələnib, yüksək dəqiqliklə məhv edilməsi, bu tankların döyüş meydanında hələ də deyəcək sözünün olduğunu göstərdi.

Ancaq bununla yanaşı, bir çox hərbi ekspertlər Rusiya istehsalı tankların zireh qabiliyyətinin Qərb və İsrail kökənli tanklara nisbətən, daha zəif və tez sıradan çıxan olduğunu bildirir. Rusiya istehsalı tanklarda keyfiyyətdən daha çox, kəmiyyətə yer verildiyi üçün, bu texnikalar döyüş meydanında çox zəif silahların da hədəfi halına gələ bilirlər.

İkinci Qarabağ Müharibəsindən sonra tankların elə Ukrayna-Rusiya müharibəsində də dronlar qarşısındakı çarəsizliyinin şahidi oluruq. Başının üzərində onu dəqiqələrlə izləyən PUA-dan xəbərsiz tank ekipajı bir anda dronun sərrast hədəfinə çevrilir. Hava üstünlüyünə malik hərbi qüvvələr dronlardan istifadə etməklə, quruda hərəkət edən zirehli texnikaları sözün əsl mənasında rahatlıqla “dənləyir”.

Qeyd etdiyimiz nümunələr artıq döyüş meydanlarında tank və bu kimi zirehli texnikaların ikinci dərəcəli olduğunun bariz göstəricisi hesab oluna bilər. Bəs Azərbaycan hərbi ekspertlərin o qədər də razı qalmadığı və ciddi problemlərinin olduğu qənaətinə gəldiyi Rusiya istehsalı tanklardan imtina edə bilərmi? HHQ-nin Türkiyə istehsalı PUA-lara yönəldiyi kimi, tank arsenalımız da Türkiyə mənşəli “Altay”, modernizə olunmuş “Sabra” tanklarına yönələ bilərmi?

Ədalət Verdiyev Ədalət Verdiyev

Suallarla bağlı Bizimyol.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycanın istismarında olan tanklar həm aktiv, həm də dinamik mühafizəyə malikdirlər: “Tank erasının başa çatdığını demək, indi bir qədər erkən olardı. Amma təbii ki, PUA-ların müxtəlif versiyalarının döyüş əməliyyatları teatrının mənzərəsini kifayət qədər sürətlə dəyişməsi, təbii ki, zirehli vasitələri onların zərbəsinə qarşı daha həssas vəziyyətə gətirir. Azərbaycanın istismarında olan tanklar həm aktiv, həm də dinamik mühafizəyə malikdirlər. Buna görə də bizim tanklar Ukraynada müşahidə olunan Rusiya tankları ilə eyni markadan olsa da, onlardan daha uzun müddət döyüş meydanında fəaliyyət göstərə bilir.

Mən düşünmürəm ki, yaxın beş-on il ərzində Azərbaycan tamamilə Rusiya tanklarından imtina etsin. Çünki bizim aldığımız tanklar -“T-90”lar kifayət qədər böyük resurslara, döyüş potensialına malikdir və o tankların hələ istismarda uzun müddət qala biləcəyini söyləyə bilərəm. Amma zamanla təbii ki, Azərbaycan zərurət yaranarsa, tankları digər ölkələrdən deyil, Türkiyədən əldə edəcək. Bildiyimiz kimi, hazırda Türkiyə “Altay” tanklarının seriya istehsalına artıq başlayıb və ilkin nəticələr də artıq var. Gələcəkdə zərurət yaranarsa, bizim təbii ki, Rusiya istehsalı tankları əvəzinə Türkiyə tanklarından istifadə etməyimiz daha doğru və məntiqli olacaq”.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »