İranda siyasi rejim bütün sərhədləri aşır. Etiraz aksiyalarının iştirakçılarının azı 378-i həyatını itirib. Təxminən 15 min etirazçının həbs olunduğu bildirilir. Qərb mətbuatı İranda daha dəhşətli şeylərin baş verdiyini yazır. Burada həbs olunan qadınlara təcavüz edildiyi məlum olub. Polisin bölməyə apardığı qızlardan biri avropalı jurnalistlərə gördüklərini danışıb.
Bizimyol.info xəbər verir ki, kürd əsilli Hana Urmiyada həbs olunub. Tutulmazdan bir gün əvvəl Mehabadda vəzifədə olan qohumu anasına zəng vuraraq qızının heç bir halda küçəyə çıxmasına imkan verməməyi tapşırıb. Onun dediyinə görə, həbs olunan qadınları zorlayırlar. Buna görə də qohumuna qızını etiraz aksiyalarından uzaq tutmağı tövsiyə edib. Amma Hana sözə baxmayıb. Qız xeyli həmcinsinə qoşularaq hicabını yandırıb. Polis kamera görüntülərinə baxaraq onun arxasınca evə gəlib. Hananı polis bölməsinə aparıblar. Qız burada daha 30-40 həmcinsini görüb. Onların arasında 13-14 yaşlı yeniyetmələr də olubmuş. Urmiya sakininin sözlərinə görə, qızların zorlandığı hiss edilirdi.
Hana polis bölməsində bir sutka qalıb. Söhbətdən belə anlaşılır ki, kürd əsilli qıza da təcavüz edilib. Jurnalistlər onun boğazında göyərmiş yer görüblər. Hana deyir ki, polis bölməsində oğlanlardan biri bacısının başqa otağa aparılmasına etiraz edib. Onun dubinka ilə huşunu itirənədək döyüblər. Sonra digər otaqdan qızın qışqırıq səsləri eşidilib. Hana əmindir ki, etirazçını zorlayırlarmış. Müsahib bildirir ki, cəmiyyətin bütün bunlardan xəbəri yoxdur. Zorlanan qadınları polis hədələyir. Hananı bölmədən atası çıxarıb. O, dərhal ölkəni tərk edib. Hərçənd bu da asan başa gəlməyib.
Sərhədçilər gizli yolla sərhədi keçənləri güllələyir. Hana dayısının ailəsi ilə dağları aşmağı bacarıb.
Hana əmindir ki, onun çox bəxti gətirib. Əlaqələr sayəsində polis bölməsindən yaxa qurtarıb. Elə qadınlar var ki, cinsi təcavüzdən sonra yoxa çıxır. Ümumiyyətlə, İranda yüzlərlə etirazçıdan xəbər yoxdur.
Aytən, Bizimyol.info