Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə lirə niyə "ölür": Hökumət hansı səhvlərə yol verir...
Türkiyədə lirə niyə "ölür": Hökumət hansı səhvlərə yol verir...

Türkiyə Respublikası Mərkəzi Bankı faiz qərarını açıqlamaq üçün noyabrın 24-də bir daha toplanacaq.

Avqust, sentyabr və oktyabr iclaslarında uçot dərəcəsini cəmi 3.50 bənd endirən Mərkəzi Bankın bu iclasda da endirim edəcəyi gözlənilir. Əgər növbəti dəfə endirimlə bağlı qərar verilərsə, faiz dərəcəsi 10-dan aşağı düşəcək. Hazırda Mərkəzi Bankın təyin etdiyi (1 həftəlik repo əməliyyatları üzrə) faiz dərəcəsi 10.50-dir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, bir il əvvələ qədər bir çox Qərb ölkələrində faiz dərəcələri -0.25 ilə -0.75 arasında dəyişirdi. Pandemiyadan sonra, həmçinin Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji və ərzaq qiymətlərinin artması ilə əlaqədar bir çox ölkənin mərkəzi bankları bir-birinin ardınca faiz dərəcələrini artırmağa başlayıb. Ən başlıca nümunə isə ABŞ-dır. FED indiyədək faiz dərəcələrini 6 dəfə artırıb. İndi ABŞ-da fond dərəcəsi 4-ə bərabərdir. Oxşar faiz artımları davam etdiyi halda, Türkiyə Respublikası Mərkəzi Bankı israrla faiz dərəcələrini endirir:

Pünhan Musayev Pünhan Musayev

2021-ci ilin avqustunda 19 faiz olan uçot faizi əvvəlcə 18-ə, sonra isə 2021-ci ilin dekabrında 14-ə qədər azaldılıb. Ondan bəri sabit saxlanılan, növbəti dəfə avqust və sentyabr aylarında 1 bənd azaldılan siyasət faizi keçən ay 1.5 bənd azalaraq 10.50 faizə endirildi. Hökumət tərəfindən dəfələrlə aşağı faizlərin istehsal və ixracatı artırıb bununla da artıma təkan vərəcəyi bildirilsə də, təkcə ticarət kəsiri son bir ildə bir neçə dəfə artaraq 10 milyard dollarla tarixi maksimumuna çatdı. Çünki həm kommersiya banklarının kredit, həm də ölkə xəzindəralığının borclanma faizi uçot dərəcəsindən 2 dəfədən yüksək oldu. Digər tərəfdənsə, Türkiyə hələ də həm G20, həm də Avropa regionu ölkələri arasında faiz dərəcəsinə görə ilk pillələrdə yer almaqdadır.

Ekspertin sözlərinə görə, belə bir yumşaq monetar siyasət özünü daha çox iki istiqamət – valyuta məzənnəsi və inflyasiya üzrə büruzə verir: “Xüsusən də xalis valyuta şokunun yaşandığı ötən ilin sonunda skandalın müvəqqəti də olsa qarşısını almaq üçün çox əvvəllər də istifadə olunan süni tənzimləmə aləti – məzənnə indeksli depozit  mexanizmi aktivləşdirildi. Depozit sahiblərinin məzənnədəki itkilərini kompensasiya etməyi nəzərdə tutan bu sistem ilk başlarda məzənnə alovunu bir qədər səngitsə də, cərayan edən daxili və xarici meyillər fonunda son bir ildə Türkiyə lirəsi dollar qarşısında 65 faizdən çox dəyər itirmiş oldu. Tərəzinin digər gözündə isə inflyasiya davamlı rekordlar təzələyir. Ötən ilin oktyabrında yüksəlməyə başlayan inflyasiya noyabr və dekabr aylarında aylıq zirvəyə çatdı. Artım sonrakı aylarda da davam etdi. Hətta Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, inflyasiya hazırda 85.51%-ə çatıb. Müstəqil İnflyasiya Araşdırma Qrupuna (ENAG) görə isə 185.34 faiz təşkil edir. Hazırda dünyanın ən yüksək inflyasiya reytinqində Türkiyə Zimbabve, Livan, Suriya, Sudan və Venesueladan sonra 6-cı yerdə qərarlaşır”.

Faizin mühim vasitə olduğunu bildirən P. Musayev həmçinin əlavə edib ki, faiz iqtisadi problemlərin həlli üçün təkbaşına müsbət nəticələr yarada bilməz: “Ancaq səhv müəyyən olunarsa, göründüyü kimi, bir çox problemlərə səbəb olur. Nəzəriyyə irəli sürüləndə bir müddət sonra nəzəriyyənin faktlara uyğun olub-olmamasına baxmaq lazımdır və əgər həqiqətlərə uyğun gəlmirsə, nəzəriyyəni faktlara uyğunlaşdırmağa çalışmaq lazımdır. Faiz öz-özünə nə inflyasiyanı həll edə, nə məzənnəyə nəzarət edə, nə də kəsiri profisitə çevirə bilər. Bu problemlərin daimi həlli üçün toplanmış sosial, siyasi və iqtisadi riskləri azaltmaq lazımdır. Faiz dərəcəsi bu riskləri həll etmək üçün atılacaq addımlar baxımından vaxta qənaət edən müvəqqəti təkmilləşdirmələri təmin edə bilər. Bunu bir növ ilkin tibbi müdaxilə kimi qanaxmanın qarşısını almağa da bənzətmək olar: qan itkisinin qarşısı alınsa da, xəstənin problemi birdəfəlik həll olunmur”.

P.Musayev bildirib ki, bu baxımdan, əsas olanlar struktur islahatlarıdır, əlavə tədbirlər isə ilkin ölçüləri əvəz edə bilməz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »