Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda İsrail bayrağını yandırıb görüntünü İrana göndərən şəxsə ağır cəza
Bakıda İsrail bayrağını yandırıb görüntünü İrana göndərən şəxsə ağır cəza

Azərbaycan İslam Partiyasının həbsdə olan üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimovun məhkəməsi yekunlaşıb. Noyabrın 22-də ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Səbuhi Səlimov 17 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib.

İttihama əsasən, Səbuhi Səlimov İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib - İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbər şəxslərinin Azərbaycan əleyhinə göstərişlərini icra edib, onlara məlumatlar göndərib. İddia olunur ki, o, bunun qarşılığında İranın xüsusi xidmət orqanlarından pul alıb.

Lakin Səbuhi Səlimov bu ittihamları qəbul etmir. O, İrana getdiyini də, İsrailin Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərdiyini də təsdiqləyir. Amma bunu İranın xüsusi xidmət orqanlarının tapşırığıyla etməsi haqda ittihamda yazılanlarla razılaşmır. O, ümumiyyətlə, ittiham aktında yazılanları “nağıl” adlandırıb. Onun sözlərinə görə, İrana əvvəl xırda ticarətlə məşğul olduğuna görə gedib-gəlib. 2011-ci ildə isə ürək əməliyyatı ilə əlaqədar gedib. Həmin vaxt ailə üzvləri də onunla olub. Amma ürək əməliyyatı olunmadan geri qayıdıblar. Deyir ki, qiymətə görə əməliyyat baş tutmayıb, maddi imkanı çatmayıb:

“Mən Vəli Cabbarini bircə dəfə onda görmüşəm, məni qarşılayanların arasında idi. Onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm. Mənə nə pul verib, nə də tapşırığı olub”.

İsrail bayrağını yandırıb, videonu İrana göndərməsi haqda danışan Səbuhi Səlimov bildirib ki, bu, kiminsə göstərişilə baş verməyib. Onun sözlərinə görə, əvvəl İsrailin Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirmək istəyib. Bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin ona icazə verilməyib. Ona görə də aksiyanı öz həyətində keçirib: “Ocaq qaladım, İsrailə lənət oxudum, bayrağı yandırdım. Görüntüləri İrana göndərməkdə xüsusi məqsədim olmayıb. Neyləmişəmsə, öz inancıma görə eləmişəm”.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, Səbuhi Səlimova qarşı casusluq ittihamı məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Prokuror da ona 17 il həbs cəzası verilməsini istəmişdi.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildən, sədr əvəzi İlham Əliyev isə də 2020-ci ildən həbsdədir. Mövsüm Səmədova dövlət çevrilişinə cəhd ittihamıyla 12, İlham Əliyevə isə dövlətə xəyanət ittihamıyla 16 il həbs cəzası verilib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »