Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu qış 2 milyon ukraynalı Avropaya miqrasiya edəcək
Bu qış 2 milyon ukraynalı Avropaya miqrasiya edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib ki, bu qış milyonlarla ukraynalının həyatı təhlükə altındadır və ən azı iki milyon insan miqrasiya etməyə məcbur olacaq.

Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın hücumları nəticəsində Ukraynada enerji infrastrukturunun zədələndiyini və ya tamamilə dağıldığını, eləcə də bu vəziyyətin qarşıdan gələn qış aylarında Ukrayna xalqının həyatını təhlükə altına alacağını bildirib.

Ukraynanın paytaxtı Kiyevdə mətbuat konfransında çıxış edən ÜST-nin Avropa üzrə Regional direktoru Hans Kluge: "Bu qış Ukraynada milyonlarla insanın həyatı üçün təhlükə yaradacaq. Ukraynanın səhiyyə sistemi indiyə qədər ən ağır günlərini yaşayır. Hücumlar səbəbindən yüzlərlə xəstəxana və səhiyyə müəssisəsi artıq tam fəaliyyət göstərə bilmir. Obyektlərdə əsas ehtiyacları ödəmək üçün yanacaq, su və elektrik enerjisi yoxdur. Bir sözlə, Ukraynada bu qış sağ qalmaqla bağlı çətinlik yaşanacaq”, - deyə o bildirib.

Ukraynadakı doğum evlərinin inkubatorlara, qan banklarının soyuducuya, reanimasiya çarpayılarının isə respiratora ehtiyacı olduğunu qeyd edən Kluge, onların hamısının elektrik enerjisinə ehtiyacı olduğunu bildirib.

Donetskdə 17 min İİV xəstəsinin sağ qalmasına kömək edən kritik antiretrovirus dərmanların tükənəcəyini qeyd edən Kluge, Donetskdə Rusiyanın nəzarətində olan ərazilərdə təcili humanitar sağlamlıq dəhlizinin yaradılmasına çağırıb: "Biz 2-3 milyondan çox insanın istilik və təhlükəsizlik axtarışında evlərini tərk edəcəyini gözləyirik. Ukraynalılar COVID-19, sətəlcəm və qrip kimi tənəffüs yoluxucu infeksiyalar və peyvənd olunmamış populyasiyalarda ağır difteriya, həmçinin qızılca riski də daxil olmaqla unikal sağlamlıq problemləri ilə üzləşəcək", - deyə Kluge bildirib.

Bundan əlavə Ukrayna hökuməti işğalçılardan azad edilmiş Xerson sakinlərinə qış üçün ölkənin daha təhlükəsiz bölgələrinə təxliyə etməyi təklif edir. Bu barədə müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk Telegram-da məlumat verib.

"Mən Xerson əhalisinə müraciət edirəm. Xüsusilə, həssas qrup vətəndaşlara: uşaqlı qadınlara, qocalara, xəstələrə və hərəkət qabiliyyəti məhdud olanlara. Şəhərdəki çətin vəziyyəti və infrastruktur problemlərini nəzərə alaraq, qış üçün ölkənin daha təhlükəsiz bölgələrinə təxliyə edə bilərsiniz. Hökumət Krivoy Roq, Nikolaev və Odessaya pulsuz təxliyə təklif edir. Bundan başqa müvafiq icra orqanları sizi Kirovoqrad və Xmelnitski vilayətlərinə, həmçinin Ukraynanın digər qərb vilayətlərinə köçürə bilər”, - deyə o yazır.

Vereşçukun sözlərinə görə, məcburi köçkünlərə sığınacaqlarda pulsuz yerləşdirmə, humanitar yardım, yemək və tibbi yardım göstəriləcək.

Nazir bildirib ki, Xersonda Azadlıq Meydanında yerləşən "Sarsılmazlıq Nöqtəsi"ndə şəxsən qeydiyyatdan keçərək evakuasiya etmək istəyinizi bildirə bilərsiniz.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »