Türkiyə milli valyutası sürətlə dəyər itirir. Bir dollar 18.62 lirəyə təklif olunur. Halbuki bir neçə il əvvəl Türkiyə valyutası dəfələrlə güclü idi.
Bizimyol.info xəbər verir ki, lirənin dəyər itirməsi qonşu ölkələrin vətəndaşlarının diqqətini çəkir. Onlar alış-veriş üçün buranı çox sərfəli yer hesab etməyə başlayıblar. Bir müddət əvvəl qardaş ölkə mətbuatında Bolqarıstan vətəndaşlarının axını barədə yazılar gedirdi. Onlar Türkiyə sərhədlərini keçərək mazağalardan, demək olar, hər şeyi alıb aparırdılar. İndi Gürcüstan vətəndaşları belə davranır.
Gürcü larisi indi lirəyə nisbətdə çox güclü görünür. Artvində 100 larini 670 lirəyə dəyişmək mümkündür. Buna isə xeyli ərzaq almaq olur. Gürcüstan vətəndaşları Kemalpaşadakı marketlərdə əllərinə keçən hər şeyi alırlar. Yerli sakinlər avtomobillərin növbəyə düzülməsindən danışır.
Adının Maya olduğunu deyən Gürcüstan vətəndaşı ərzaq qiymətləri arasında böyük fərq yarandığını deyir. Onun sözlərinə görə, lirə çox dəyər itirdiyindən, Türkiyədə lazım olan şeyləri vətəninə nisbətən azı iki dəfə ucuz tapmaq olur: “Hər həftə gəlirik. Daha çox ərzaq alırıq. Amma özümüzlə geyim də alıb aparırıq”.
Toxuculuq məmulatları satan Mehmet Karamahmutoğlu işlərin çox yaxşı getdiyini deyir. O, müştərilərin 99 faizinin Gürcüstandan olduğunu bildirir: “Hər həftəsonu gəlirlər. Daha çox qida üçün bura üz tuturlar. Amma toxuculuq işlərinə də biganə deyillər. Xeyli mal alıb aparırlar. Ümumiyyətlə, Kemalpaşaya gürcülər yalnız bu iş üçün gəlirlər. Başqa məqsədləri olmur”.
Mehmet Karamahmutoğlu etiraf edir ki, işlər Gürcüstan vətəndaşlarının Türkiyəyə axını sayəsində qaydasına düşüb. Kemalpaşa düz sərhəddə yerləşir. Gürcü qonaqlar çox uzağa getmir. Çünki burada qiymətlər tam uyğundur. Mehmet pandemiya dövründə böyük əziyyət çəkdiklərini deyir. Hətta mağazanı bağlamaq haqqında da az düşünməyiblər. İndi isə işlər gözləniləndən də yaxşıdır.
Kemalpaşalı təqaüdçü müəllim Mehmet Yılmaz deyir ki, Gürcüstan vətəndaşları özlərini qəribə aparır. Sanki ölkələrində yeməyə, içməyə bir şey qalmayıb. Dükan işlədən Ömər Akbıyık isə kiçik sahibkarların gürcü axınından böyük səmərə görmədiyini bildirir. Onun sözlərinə görə, daha çox iri obyektlər qazanc götürür.
Aytən, Bizimyol.info