Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 il həbs və 70 milyonluq əmlakın müsadirəsi tələb olundu
15 il həbs və 70 milyonluq əmlakın müsadirəsi tələb olundu

“Baku Steel Company” MMC - poladəritmə zavodunun keçmiş rəhbəri, iki ilə yaxındır həbsdə olan iş adamı Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Onun işinə bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, noyabrın 21-də keçirilən məhkəmə iclasında hakim Leyla Əsgərova-Məmmədova məhkəmə istintaqının başa çatdığını elan edəndən sonra prokuror çıxış edib. Prokuror deyib ki, Rasim Məmmədova qarşı irəli sürülmüş 185 milyon manatlıq mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və s. ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Prokuror Orxan Səmədov onun 15 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin Rasim Məmmədov və yaxınlarının mülkiyyətində olan, onun həbsindən sonra üzərinə həbs qoyulmuş əmlakların da müsadirə olunmasını təklif edib. Dövlət ittihamçısı bildirib ki, mənimsəmə nəticəsində “Baku Steel Company”ə ziyan dəyib. Həmin əmlaklar müsadirə olunub satılmalı, əldə edilən vəsaitlər dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Prokuror bildirib ki, Rasim Məmmədovun həbsindən sonra üzərinə həbs qoyulmuş, indi də müsadirə olunmasını istədiyi həmin əmlakların ümumi dəyəri təxminən 70 milyon manatdır. Onların arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337 kvadrat metrlik, dəyəri 331 min manat olan yaşayış evi; elə həmin qəsəbədə dəyəri 223 min manat olan daha bir ev; Parlament prospektində qeyri-yayış sahəsi; Ziya Bünyadov prospektində 2600 kv.metr qeyri-yaşayış sahəsi; Sabunçu qəsəbəsində obyekt; Şüvəlan qəsəbəsində bağ evi; Azadlıq prospekti 54 ünvanında mənzil; Əhməd Cavad küçəsində mənzil; Səməd Vurğun küçəsindəki binada iki mənzil; Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən “Baku Oxford School” və s. əmlaklar var.

Növbəti məhkəmə iclasında Rasim Məmmədovun vəkilləri çıxış edəcək.

İş adamı 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »