Afina açıqlamaları ilə Egeydəki gərginliyi artırmağa davam edərkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Bir gecə qəfil gələ bilərik, yerlərini bilsinlər”, - sözlərinin əks-sədaları Yunanıstanı "silkələyib".
Bizimyol.info xəbər verir ki, Türkiyənin Suriyadakı terror hədəflərinə qarşı uğurlu hava əməliyyatından sonra yunan generaldan qalmaqallı açıqlama gəlib.
Yunanıstanın Baş Qərargah rəisi general Konstantinos bu sözləri işlədib: "Kim Florosa gəlmək istəsə, ölümcül bir səhvə yol verəcək. Bizi təhdid edənlərdən, kim gəlməyə qərar versə, nə vaxt gəlməyi seçsə, gəlsin. Kimi ölümcül səhv etmək istəyirsə, ona indidən xəbər ver ki, o, qarşısında yeni bir Marafon, yeni Salamis və yeni 731 görəcək. Yunanıstan güclü, azad və müstəqil olaraq qalacaq”, - deyən yunan general bildirib.
Vəzifəyə gəldiyi gündən bu yana “Meriç sərhədlərinə qarşı misli görünməmiş hibrid hücumlarla” qarşılaşdıqlarını iddia edən yunan general, ad çəkmədən Türkiyəni günahlandırıb: “Qüvvələrimiz hər zamankindən daha çox döyüşə hazırdır. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”, - deyə Konstantinos Türkiyə prezidentinin sözlərinə cavab mesajı verib.
Dünən uğurla həyata keçirilən əməliyyat qonşu Yunanıstanda bir nömrəli gündəm mövzusuna çevrilib. Bir çox yunan qəzeti Türk Silahlı Qüvvələrinin əməliyyatını ilk manşetdə oxucularına çatdırıb.
Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi bəyanatdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.
Mitsotakis: “Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Sizdən - Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alsınlar”, - deyə ad çəkmədən Türkiyəyə işarə edib.
Miçotakis bu sözlərlə dolayı yolla "F-16" təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.
Xatırladaq ki, Türkiyənin öz istehsalı olan ballistik raketlər birbaşa Afinanı hədəfə almaq gücündədir və bu vəziyyət Yunanıstanı narahat edir.
Qadir, Bizimyol.info