Almaniya kansleri Olaf Şolz açıq şəkildə Rusiya dövlət başçısı Vladimir Putini qoşunları Ukraynadan çıxarmağa və müharibəni dayandırmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, "Spiegel"in yazdığına görə, bu fikirləri Scholz Baden-Vürtemberqdə Sosial Demokrat Partiyasının əyalət təşkilatının konfransında çıxışı zamanı deyib.
"Bu müharibəni dayandırın, qoşunlarınızı çıxarın və Rusiyanın Ukraynaya diktə edə bilməyəcəyi sülh danışıqlarının yolunu təmizləyin", - deyə o qəti bəyanat səsləndirib.
Bundan əlavə, kansler vurğulayıb ki, heç kimə başqasının ərazisini mənimsəməyə icazə verilmir: "Aqressiv siyasətə görə Rusiya G20 sammitində özünü təcrid vəziyyətinə salıb. Artıq dünyanın əksər dövlətləri Putinin işğalçı siyasətinə qarşı olduqlarını açıq nümaiş etdirməkdən çəkinmirlər. Ötən hər gün Rusiya dövlətini uçuruma daha da yaxınlaşdırır. Müharibə tezliklə dayandırılmlı və konkret şərtlər daxilində danışıqlara başlanılmalıdır", - deyə o qeyd edib. O əlavə edib ki, biz Ukrayna xalqını və dövlətini, ərazi bütövlüyünü bərpa edənə qədər, hətta sonrakı dönəmdə də daim müdafiə edəcəyik.
Qeyd edək ki, bu yaxınlarda Almaniya Ukrayna Silahlı Qüvvələrinə "olduqca yaxşı" nəticələr nümayiş etdirə bilən ilk "IRIS-T" hava hücumundan müdafiə sistemini təhvil verib.
Sentyabrın 19-da Ukrayna Almaniyadan" Mars II MLRS" və "Dinqo" zirehli transportyorlarını alıb. Ölkə həmçinin Ukraynaya daha dörd "Panzerhaubitze 2000" özüyeriyən silah və onlar üçün sursat göndərildiyini açıqlayıb.
Eyni zamanda, Almaniya Ukraynaya müasir tanklar ötürməyə tələsmir. Olaf Şolz bildirib ki, Almaniya "Leopard II"ni Ukraynaya göndərmir, çünki onlar müharibənin miqyasının genişlənməsinə imkan vermək istəmirlər.
Xatırladaq ki, Şolz adətən, Rusiyaya qarşı sərt danışmaqdan ehtiyat edirdi. Rusiyadan təbii qaz təxhizatı üçün asılı vəziyyətdə olan Almaniya dəfələrlə Rusiyaya qarşı yumşaq münasibətinə görə tənqid edilmişdi.
Qadir, Bizimyol.info