ABŞ-da Co Bayden administrasiyasının 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Qaşıqçıya qarşı mülki işdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toxunulmazlıq vermək istəməsi xəbəri böyük əks-səda doğurub.
Bizimyol.info xəbər verir ki, məlum olub ki, ABŞ Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək, Şahzadə Salmana Qaşıqçı qətli işində toxunulmazlıq verilməsini istəyib. Ərizədə Salmanın ölkəsində baş nazir kürsüsündə oturmasının toxunulmazlıq tələb etdiyi bildirilib.
Açıqlamada bildirilib ki, ABŞ administrasiyası qətlə sərt reaksiya verib və sanksiyalar tətbiq edib, lakin beynəlxalq hüquqa görə, dövlət administrasiyasının başında duran şəxs toxunulmazlıq dairəsinə daxil edilməlidir.
ABŞ mətbuatı bu qərarın Şahzadə Salmanın qətlə görə məsuliyyət daşıması üçün son cəhdin də qapısını bağladığına diqqət çəkib.
Qaşıqçının nişanlısı Hatice Cengiz Tvitter hesabında yazıb: “Camal bu gün bir daha dünyasını dəyişdi. Bayden qatilə toxunulmazlıq verərək, onu xilas etdi. O, cinayətkarı xilas edib və cinayətin ortağı olub”.
Onu da əlavə edək ki, bir çox hüquq müdafiə təşkilatları da qərardan apellyasiya şikayəti verib.
Məlumat üçün bildirək ki, Qaşıqçı qətli həm Ankara-Ər-Riyad xəttində, həm də Vaşinqtonla Ər-Riyad arasında böhrana səbəb olub.
Bundan əlavə, qətllə bağlı 2021-ci ildə açıqlanan ABŞ kəşfiyyat hesabatında “Qaşıqçının Şahzadə Selmanın razılığı ilə öldürüldüyü düşünülür” ifadəsi işlədilib.
Digər tərəfdən, Rusiyanın Ukraynanı işğal etməsindən sonra alternativ enerji mənbəyi axtaran ABŞ rəhbərliyi son zamanlar Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Son aylarda iki ölkə arasında təmasların artması diqqət çəksə də, Bayden iyul ayında Səudiyyə Ərəbistanına səfəri zamanı tənqidlərə baxmayaraq şahzadə Salmanla görüşüb.
Son olaraq qeyd edək ki, aprel ayında Türkiyənin Camal Qaşıqçı dosyesini Səudiyyə Ərəbistanına ötürməsi böyük əks-səda doğurub və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl sərt tənqid etdiyi şahzadə Selmanla bir neçə dəfə görüşüb.
Leyla Mirzə