İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra ölümü ilə başlayan etirazlar davam edir. Ölkənin şimal-qərbindəki Bukan şəhərində keçirilən etirazlar zamanı “silahlı insanlarla qarşıdurma”da 2 təhlükəsizlik işçisinin öldürüldüyü bildirilib.
Bizimyol.info xəbər verir ki, İranın rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, ötən gecə Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində keçirilən nümayişlər zamanı silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Toqquşma nəticəsində iki mühafizəçi həlak olub.
Agentliyin verdiyi məlumatda bildirilir ki, Bukanda ötən gün keçirilən nümayişlər zamanı bir polkovnik “naməlum üsyançılar” tərəfindən güllələnərək öldürülüb.
Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən “hicab qaydalarına əməl etmədiyi üçün” saxlandıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda orada vəfat etməsi ölkədə hökumətinə qarşı etirazlara səbəb olub. Ölkənin bir çox şəhərlərində minlərlə insan küçələrə axışaraq bu hadisəyə etiraz nümaiş etdiriblər.
Hadisələrdə mülki şəxslərin və təhlükəsizlik qüvvələrinin öldüyü barədə rəsmi mənbələrdən açıqlamalar olsa da, ölənlərin sayı ilə bağlı hələ ki dəqiq məlumat verilmir.
Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı isə ötən gün təqdim etdiyi araşdırmanın nəcicələrinə dair hesabatda nümayişlər zamanı 342 nəfərin öldüyünü açıqlanıb. İran mətbuatında əksini tapan xəbərə görə, nümayişlər zamanı 50-dən çox təhlükəsizlik işçisi həyatını itirib.
Nəhayət, ötən gecə Məşhəd və Senendec şəhərlərində keçirilən nümayişlər zamanı biri polkovnik-leytenant olmaqla 3 mühafizəçinin bıçaqlı hücum nəticəsində həlak olduğu açıqlanıb.
Qadir, Bizimyol.info