Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada məktəblini ABŞ bayrağına görə cəzalandırıblar
Rusiyada məktəblini ABŞ bayrağına görə cəzalandırıblar

Rusiyada müharibə dövründə ifadə azadlığı ilə bağlı vəziyyət xeyli pisləşib. İndi şimal ölkəsində hərbi əməliyyatlara qarşı çıxmaq cinayət məsuliyyəti yaradır. Rusiyada hətta məktəblərdə də qaydaları sərtləşdiriblər. Şagirdin müharibə ilə bağlı işlətdiyi arzuolunmaz ifadə onun valideyninin məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər.

Bizimyol.info xəbər verir ki, Rusiyada məktəblini ABŞ bayrağı əks olunmuş köynəyə görə cəzalandırıblar. Kareliyada müəllimə 7-ci sinif şagirdini arxası ona tərəf əyləşməyə məcbur edib. Bununla ABŞ bayrağının rənglərini görmək istəmədiyini göstərmək istəyib. Yayılan fotolarda görünür ki, məktəblinin köynəyinin ön tərəfində “62” yazılıb. Amma rəqəmlərin üzərində ABŞ bayrağının əksi diqqət çəkir.

Şagirdin atasının dediyinə görə, müəllimə həmişə dərs zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini təhqir edir. Qadın əvvəllər Krivoy Roqda yaşadığını, indiki dövlət başçısı Volodimir Zelenskiyə dərs dediyini iddia edir. Müəllimə Ukrayna Prezidentini daim “səfeh” adlandırır.

Hadisənin baş verdiyi Kostomukşa şəhərindəki 1 saylı liseyin direktoru Tatyana Şemyakina biologiya fənnini tədris edən Qalina Kutsinanın əvvəllər Krivoy Roqda yaşamasını təsdiqləyib. Şagirdini cəzalandıran müəllimə Kostomukşaya 2019-cu ildə köçüb. Şemyakina deyib ki, “Kutsina Rusiyanın həyata keçirdiyi xüsusi əməliyyatları tam dəstəkləyir və amerikalıların gördüyü işləri çox ağrılı qarşılayır”. Buna baxmayaraq, direktor müəllimənin sinifdə korrekt davranmadığını, üzr istəyəcəyini ehtimal etdiyini bildirib.

Sentyabrın 5-dən Rusiyada məktəblərdə “Vacib məsələ barədə söhbətlər” adlı fənn tədris olunur. Hər bazar ertəsi dərslər bu söhbətlərlə başlayır. Müəllimlər şagirdlərə “xüsusi əməliyyatlar”ın əhəmiyyəti barədə danışır. Fənni əsasən sinif rəhbərləri tədris edir.

Layihə haqqında hələ iyunda qərar qəbul edilmişdi. Dərslər üçün vəsaiti ictimai layihələr üzrə prezident idarəsinin rəhbəri Sergey Novikov hazırlayıb. Müstəqil medianın məlumatına görə, universitetlərdə də sovet dövründəki “elmi kommunizm”in analoqu olan dərs keçiləcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »