Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxın gələcəkdə məktəbdə o səviyyəyə gəlib çıxacağıq"
"Yaxın gələcəkdə məktəbdə o səviyyəyə gəlib çıxacağıq"

Vətən! İnsanın doğulub böyüdüyü ölkədir. Bəziləri üçün torpağına ayaq basmaq, havasını udmaq üçün can atdığı yerdir. Vətən sevgisi, bayraq sevgisi ailənin uşağa verdiyi tərbiyə ilə formalaşır. Bu səbəbdən də, hərbi xidmətə yola düşərkən “şəhid olsam haqqını halal et” deyib, şəhid olmağı yüksək zirvə hesab edib, hərbi xidmətə gedənlər də var, bacardıqca vətən borcundan qaçanlar da... Vətəni qoruya bilmək üçün övladlarımıza vətənpərvər olmağı öyrətməliyik. Uşaqlarımıza bayrağın mənəvi dəyərini aşılamalıyıq. Eyni zamanda şəhid, qazi kimi anlayışları uşaqlarımıza izah etməliyik. Qazinin nə demək olduğunu və onlara necə hörmət etməyi öyrətməliyik. Uşaqlarımız tariximizin əsl qəhrəmanlarını tanımalıdırlar. Uşaqlarımıza Dövlət Himnimizin müəllifləri haqqında məlumat verilməli, himn öyrədilməlidir. Bu isə, ailə ilə yanaşı həm də təhsil ocaqlarının mənəvi borcudur. Bu gün yetişən hər bir gənc ailəsinin və təhsil aldığı müəssisəsnin aynasıdır. Yəni uşağa ailədə, məktəbdə vətənpərvərlik necə aşılanırsa, uşaq da o şəkildə formalaşır…

Çox maraqlıdır, təhsil müəssisələrində vətənpərvərlik hissi necə aşılanır, aşılanırmı? Təhsil eksperti Elşən Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində təhsilin dövlət standartlarına verilmiş tələb var.

Elşən Qafarov Elşən Qafarov

“Ümumiyyətlə təhsil hər bir pillə üzrə qəbul edilmiş dövlət standartları əsasında həyata keçirilir. “Ümumtəhsil 29 sentyabr 2020-ci il tarixində nazirlər kabinetinin 361 saylı qərarı ilə təsdiq olunmuş ümumtəhsilin dövlət standartları əsasında həyata keçirilir. Dövlət standartlarına verilmiş tələblərdən biri də səriştələrdir. Ümumtəhsil məktəbində səriştələr tədris planı üzrə məşğələ saatları və dərsdənkənar tədris planında verilmiş saatlar və dərsdənkənar məşğələ saatları vasitəsilə tədris olunur. Səriştələr 3 kateqoriyadır. Kateqoriyalardan biri də dəyərlərlə bağlı olan səriştələrdir. Dəyərlərlə bağlı olan səriştələr milli mənliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokrasiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət və s. Dəyərlərə bağlı olan səriştələr bu beş səriştə əsasında həyata keçirilir. Bunların hər birinin istər məktəbə hazırlıq mərhələsində, istər ibtidai təhsil səviyyəsində, istər ümumorta təhsil səviyyəsində, istərsə də, tam-orta təhsil səviyyəsində ümumtəhsilin dövlət standartlarında göstərilib”,- deyə ekspert əlavə edib.

  • Biz o səriştələri tam həyata keçirə bilirikmi?

Təhsil eksperti hesab edir ki, bu, bir az fərqli sualdır. Çünki hamımız bilirik ki, təhsildə müəllim peşəkarlığı kifayət qədər olmadığına görə, hal-hazırda səriştələri biz lazım olan səviyyədə aşılaya bilmirik.

“Eyni zamanda, dərsliklərlə bağlı olan çətinliklərimiz və tədris resursları ilə bağlı olan çətinliklərimiz, səriştələrin dövlət standartında verilmiş tələblər üzrə həyata keçirilməsində əngəl törədir. Bütün bunlara baxmayaraq, hazırda peşakarlıqla bağlı müəllimlərin sertfikatlaşdırılması gedir. Bu müəllimlərin peşə səviyyəsini yoxlayan prosedurdur. Təhsil inkişafı üzrə dövlət strategiyası üzrə tədbirlər görülür. Hansı ki, bunlar səriştələrin daha keyfiyyətli formada həyata keçirilməsinə kömək olur. Yaxın gələcəkdə ümumtəhsil məktəbində səriştələri həyata keçirə biləcək səviyyəyə gəlib çıxacağıq”,- deyə ekspert əlavə edib.

P.S. Çox zaman deyirik ki, “biz millət olaraq bu vətən üçün canımızı, qanımızı verərik, amma vətənimizi yox”. Bu hər zaman belə olub. Azərbaycan müstəqillik əldə edəndən bu günə qədər, torpaqlarımızın bir qarışı üçün belə savaşmışıq. Amma vətəni sevmək, vətənpərvərlik təkcə canımızı vətən üçün qurban verməkdir?

Vətənə sevgi sözdə deyil, mahiyyətdə olmalıdır. Vətənimizi onun mədəniyyətini, dəyərlərini, əsərlərini, təbiətini, insanlarını, qurumlarını qorumaqla sevə bilərik. Vətəni “hamı mənim kimi düşünməlidir” demədən sevmək lazımdır.

Vətəni sevmək, ölkə olaraq keçirdiyimiz bu çətin günlərdə hər şeyə, hamıya, hətta bütün düşmənlərimizə rəğmən bir olmaqdır. Türkiyə lideri Mustafa Kamal Atatürk deyirdi ki, “Vətəni ən çox sevən, vəzifəsini ən yaxşı yerinə yetirəndir”…

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »