Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç vaxt unutmayacam" - Amerikalı müəllim Xersondan necə sağ çıxıb...
"Heç vaxt unutmayacam" - Amerikalı müəllim Xersondan necə sağ çıxıb...
Timoti Morales Böyük Britaniyada doğulub, sonra ABŞ-a köçüb. Rusiyanın hücumundan bir müddət əvvəl Ukraynada ingilis dilini öyrətmək variantı ortaya çıxanda bununla razılaşıb. Çünki keçmiş həyat yoldaşı ukraynalı olub, ölkə ona yad sayılmayıb. Morales Xersonda dil məktəbi açıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın hücumu amerikalı müəllimin həyatını alt-üst edib. ABŞ vətəndaşı 8 ay müxtəlif yerlərdə gizlənməli olub. O, həbs olunmaq təhlükəsi ilə də üzləşib.

Morales müharibənin ilk günlərində Xersonu tərk etməyə cəhd göstərib. Amma Rusiya tankları ingilis dili müəllimini qorxudub. Postlarda pasportunun onu ələ verəcəyindən narahat olub. Buna görə də əvvəlcə 10 yaşlı qızını keçmiş həyat yoldaşı ilə birlikdə şəhərdən çıxarıb. Morales azı iki ay mənzilini tərk etməyib. Ərzağı ona keçmiş həyat yoldaşının qohumları gətirirmiş. İki aydan sonra yaxınlıqdakı mağazaya gedib. Burada işləyən yeniyetmə qızın onu satmayacağından əmin olduğuna görə cəsarətli davranıb.

Morales payızda ilk böyük təhlükə ilə üzləşib. Qapını Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları döyüb. Amerikalı deyir ki, ABŞ vətəndaşı olduğunu bilsəydilər, onu həbs edib, işgəncəyə məruz qoyacaqdılar. Timoti onları irland olduğuna inandıra bilib. Bu işdə əcnəbiyə ukraynalı qadın qonşusu da kömək edib. Morales bəxtinə Federal Təhlükəsizlik Xidmətinin heç də ağıllı olmayan əməkdaşları düşməsinə görə sevinir.

Amerikalı bu hadisədən sonra mənzilini tərk edib, başqa yerdə yaşamağa başlayıb. Burada günü əvvəlcədən noutbuka yüklədiyi filmlərə baxmaqla keçirmiş. Pulsuz onlayn dərs keçməyə razılaşıb ki, heç olmasa, başı qarışsın.

Morales deyir ki, oktyabrda cəhənnəmdən xilas olacağına ümidi artmağa başlayıb. Çünki rusiyalı hərbçilər ələ keçirdikləri minik avtomobilləri ilə Xersonu tərk edirmiş. Noyabrın 11-də pəncərədən Ukrayna bayrağına bürünmüş avtomobil görüb. “Başa düşdüm ki, rusiyalıların hamısı gedib”, - Timoti həmin günü heç vaxt unutmayacağını deyir.

İngilis dili müəllimi Xersonu tərk edir. Əlbəttə, bura yenə qayıdacaq. Amma hələlik onun baş verənlərdən azacıq dincəlmək üçün getməyə ehtiyacı var.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »