Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı təsdiqləyib ki, iyul ayında İstanbulda bağlanmış taxıl müqaviləsi 120 gün uzadılır.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə lideri "Twitter"də yazıb.
"BMT, Türkiyə, Rusiya və Ukraynanın qəbul etdiyi qərara əsasən, Qara dəniz dəhlizi ilə taxıl daşınması sazişi 2022-ci il noyabrın 19-dan 120 gün müddətinə uzadılıb", - deyə qeyd edilib.
Ərdoğan BMT-nin baş katibi Antonio Quterreş, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə taxıl sazişinin uzadılması səylərinə görə minnətdarlığını bildirib: "Bu prosesdə əməyi olan hər kəsə təşəkkür edirəm", - deyib.
Ərdoğanın sözlərinə görə, taxıl müqaviləsi başlayandan bəri dəniz humanitar dəhlizi ilə 11 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib: “Bu sazişin həyata keçirilməsi qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində onun nə qədər vacib və faydalı olduğunu göstərdi”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Ukraynadan ərzaq ixracına dair müqavilələr iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Sazişlərdən biri noyabrın 19-dək qüvvədədir və Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılmış Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Bu hissə Rusiya, Türkiyə və BMT tərəfindən, ayrıca Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanıb.
Bundan əlavə, Rusiya Federasiyası ilə BMT arasında Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına dair müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üzrə dünya təşkilatının öhdəliklərini nəzərdə tutan memorandum imzalanıb.
Qadir, Bizimyol.info