Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşaya atılan raketi təsadüf hesab etmək olarmı... - Şərh
Polşaya atılan raketi təsadüf hesab etmək olarmı... - Şərh
“Məlumdur ki, Polşa Ukraynaya Qərb silah-sürsatının daşınmasında logistika xətti rolunu oynayır. Bundan əlavə, Ukrayna tərəfindən döyüşən əcnəbi döyüşçülər də məhz Polşa marşrutundan istifadə edərək, Ukraynada döyüşlərə qatılırlar. Bunları nəzərə alaraq, ilk baxışdan raket hücumunun Rusiya tərəfindən törədildiyi qənaəti yaranır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Rəşad Bayramov danışıb. Sual olunur ki, bu, Rusiyaya lazımdırmı? Politoloqun sözlərinə görə, məlum olduğu kimi, artıq bir neçə həftədir ki, Ukrayna cəbhəsində Rusiyanın mövqeləri zəifləməyə doğru gedir.

Rəşad Bayramov Rəşad Bayramov

“Xerson istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində Rusiya faktiki olaraq öz ərazisi elan etdiyi Xersonu tərk etmək məcburiyyətində qaldı və bu addımı heç nə ilə əsaslandıra bilmədi. Artıq iki gündür ki, Luqansk istiqamətində də rus qoşunun ard-arda məğlubiyyətləri də bir faktdır. Başqa sözlə desək, döyüş meydanında onsuz da məğlub olan və hər keçən gün işğal etdiyi əraziləri itirən Rusiya özünə qarşı daha bir cəbhənin açılmasında niyə maraqlı olsun ki?

Rusiya yaxşı başa düşür ki, Polşa NATO üzvüdür və NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər. Odur ki, mən bu məsələdə Rusiyanın bilərəkdən Polşanı hədəf aldığını düşünmürəm” - deyə politoloq qeyd edib. Onun fikrincə, burada məsələnin digər bir tərəfi də var. Bu da onunla bağlıdır ki, NATO dövlətləri özləri də indiki məqamda Rusiya ilə birbaşa münaqişədə maraqlı deyillər. Bunu raket hücumundan sonra verilən açıqlamalar da sübut edir. Hücumdan dərhal sonra Polşa Prezidenti Anjey Duda açıqlama verərək bildirdi ki, raket qalıqları həmin raketin Rusiya istehsalı olduğunu sübut edir və buna görə də Alyans döyüşə hazır vəziyyətə gətirilib. Ancaq bundan sonra ABŞ Prezidenti Bayden açıqlama verərək raketlərin Rusiya istehsalı olmadığını bəyan etdi. Ardınca, NATO Baş Katibi Stoltenberqin raketlərin Rusiya ərazisindən atılıb atılmadığının hələ məlum olmadığını və bununla bağlı araşdırma aparıldığını bəyan etməsi onu deməyə əsas verir ki, NATO indiki mərhələdə bu hadisədən istifadə edib Rusiyaya qarşı əməliyyat keçirmək fikrində deyil. Çünki onlar da dərk edirlər ki, NATO-nun cavab zərbələri olarsa bu zaman Rusiyanın nüvə silahından istifadə etməkdən başqa yolu qalmayacaq. Məhz elə nüvə müharibəsindən qaçmaq üçün NATO “araşdırma aparılır” deyərək yaxasını kənara çəkmək yolunu seçdi.

“Bu araşdırmanın nəticələrinin yaxın zamanlarda elan olunmayacağı da gün kimi aydındır”,- deyən Rəşad Bayramov qeyd edib ki, Polşaya raket hücumu Rusiya qədər NATO-nun da maraqlarına cavab vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat açıqlamasında səsləndirdiyi fikirlər daha realdır.

“Düşünürəm ki, Polşaya raket atılması texniki səhv səbəbindən baş verə bilər. Rusiyanın Ukrayna ərazisinə aktiv hava zərbələri endirdiyi bir vaxtda raketlərin Ukrayna ilə cəmi 5 km sərhəddə yerləşən əraziyə düşməsi təsadüf də ola bilər” - deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »