Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 milyard nəfər olduq: hamıya yer və qida çatacaqmı...
8 milyard nəfər olduq: hamıya yer və qida çatacaqmı...

Dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Təkcə son bir ildə 56 milyon nəfər artım olub. Cəmi 11 il əvvəl dünyada 7 milyard nəfər yaşayırdı. Artım tempi vahimə yaradır. Bu sürətlə Yer kürəsinin gələcəyi necə olacaq? Hamıya yer və qida çatacaqmı?..

Bizimyol.info xəbər verir ki, 1804-cü ildə dünyada əhali sayı 1 milyarda çatanda bunu böyük təəccüblə qarşılamışdılar. İndi isə sürətli artım çox təbii görünür. Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali üzrə eksperti Sara Hertoq bunu heyrətamiz uğur hekayəsi sayır. O, 1950-ci ildən bəri qlobal ömür uzunluğunun 25 il artmasına və reproduktiv xidmətlərə, ailə planlaşdırılmasına çıxışın yaxşılaşdırılması nəticəsində yaranan doğum nisbətinin azalmasına diqqət çəkir. Hertoq qızlar və qadınlar üçün təhsil imkanlarının genişləndirilməsini də xüsusi vurğulayır.

Amma BMT-nin son hesabatında artan istixana qazı emissiyalarının və ətraf mühitin məhv edilməsinin əsas mənbələrindən biri kimi əhalinin artımı göstərilib. Hər bir əlavə insan planetin məhdud bioloji resurslarına daha çox təzyiq göstərir.

“Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, çirklənmə, meşələrin qırılması, təmiz su və qida çatışmazlığı ilə bağlı vəziyyət bizim nəhəng və getdikcə artan saylarımızla daha da ağırlaşır”, - Britaniyanın Əhali Məsələləri qeyri-hökumət təşkilatı bildirib.

Hertoq yenə öz fikrində qalır. Onun sözlərinə görə, problemlərin yeganə həllinin əhalinin artımını yavaşlatmaq olduğunu gözləmək səhvdir. “İstehlakın artması və bununla əlaqədar çirklənmə, gəlir artımı əhalinin artımından daha mühüm rol oynadı” fikrini dilə gətirən ekspert zəngin ölkələrin daha çox resursdan istifadə etdiyini önə çəkir. Hetoq deyir ki, əhalisi sürətlə artan Afrikanın və Asiyanın ayrı-ayrı ölkələri planetin imkanlarından çox faydala bilmir. “Qlobal Footprint Network”ə görə, Yer kürəsinin hər bir sakini ABŞ vətəndaşı kimi yaşasaydı, ən azı beş planetin resurslarına ehtiyacımız olardı. Amma Nigeriya kimi bir ölkənin vətəndaşı kimi yaşayaraq hər il dünya resurslarının yalnız 70 faizindən istifadə edirik. 1.4 milyard nəfərə yaxın əhalisi olan Hindistan üçün bu rəqəm cəmi 80 faizdir.

BMT-nin proqnozları 2050-ci ildə dünyada təxminən 9.7 milyard nəfərin yaşayacağını deyir. Daha 30 ildən sonra 10.4 milyard nəfərə çatacağıq. Dünya Resursları İnstitutunun qlobal iqtisadiyyat direktoru Vanessa Peres-Sirera hesab edir ki, dünyanın 8 milyard nəfəri qidalandırmaq üçün lazım olan bütün resursları var və mövcud torpaqdan istifadə təcrübələrimizi yenidən nəzərdən keçirsək, vəziyyət həmişə qənaətbəxş qalacaq. Helsinki Universitetinin istehlakçı iqtisadiyyat üzrə professoru Silviya Lorek deyir ki, hər şey bizim resurslarımızı necə paylaşdığımızdan asılıdır. O, iddia edir ki, bəşəriyyət xüsusilə qlobal Şimalda mövcud istehlak nümunələrinə meydan oxumalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »