Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Ukraynanın atdığı raketin Polşada düşməsinə görə Rusiya günahkardır
Stoltenberq: Ukraynanın atdığı raketin Polşada düşməsinə görə Rusiya günahkardır

"NATO-nun ilkin qiymətləndirməsi göstərib ki, Ukraynanın hava hücumundan müdafiə raketi Polşa ərazisinə düşüb, lakin bu, Kiyevin günahı deyil, hadisəyə görə məsuliyyəti Rusiya daşıyır".

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü NATO Şurasının Polşada Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi ilə bağlı səfirlər səviyyəsində fövqəladə iclasının yekunu üzrə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Görüş Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən təhlükəsizlik üzrə rəsmi məsləhətləşmələr xarakteri daşımırdı. Üstəlik, Stoltenberq vurğulayıb ki, alyans Polşanın qəsdən təcavüz aktının qurbanı olduğuna inanmır. Baş katibin sözlərinə görə, təşkilatın ilkin təhlilində partlayışın Ukrayna ərazisini qoruyan Ukrayna hava hücumundan müdafiə qüvvələrinin işi nəticəsində baş verdiyi bildirilir. Bununla yanaşı, Stoltenberq qeyd edib ki, bu, Ukraynanın günahı deyil. NATO rəhbərinin sözlərinə görə, baş verənlərə görə Rusiya məsuliyyət daşıyır.

Təşkilatın baş katibi vurğulayıb ki, alyans baş verənlərdə öz ərazisinə qəsdən hücum əlamətləri görmür. "Bunun qəsdən hücum olduğuna dair heç bir əlamət yoxdur. Və Rusiyanın NATO-ya qarşı hərbi əməliyyatlara hazırlaşdığına dair heç bir əlamət yoxdur", - o əlavə edib.

Jurnalistlərin Polşadakı insidentlə bağlı NATO-nun son 24 saat ərzində Rusiya ilə təmasda olub-olmaması ilə bağlı sualına Stoltenberq belə cavab verib: "Rusiya ilə hərbi əlaqə kanallarımız var. Amma son 24 saatda hansı təmasların olub-olmaması barədə təfərrüatları açıqlaya bilmərəm", - deyə o qeyd edib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələri Polşada baş verən insidentlə bağlı sakit qalacaq və əlaqələri davam etdirəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »