Ötən gün Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Fransa senatı bu qətnamə ilə Azərbaycanı işğalçı ölkə kimi tanıyır. Maraqlısı budur ki, artıq İtaliyanın bəzi deputatları da Fransanın bu uydurmasına inanır. Başqa hansı ölkələr Fransanı bu məsələdə dəstəkləyə bilər?
Politoloq Turab Rzayev saytımıza açıqlamasında bildirib ki, bunlar gözlənilən addımlar idi. Biz gözləyirdik ki, Fransa, Fransanın ardınca müttəfiq saydığı Fransanın təsir dairəsində olan ölkələr də, bu cür iddialarla ortaya düşəcəklər.
“Mən daha çox İspaniyadan belə bir addım gözləyirəm. Çünki İspaniya bundan əvvəl Azərbaycanla əməkdaşlıq müqaviləsini ləğv etdi. Keçən il də, xatırlayırsınızsa, Fransa Senatı yenə Qarabağın müstəqilliyi haqqında qətnamə qəbul edərkən ispan parlamentindən onlara dəstək gəlmişdi. Ola bilsin, Belçika, Hollandiya, İsveçrə və Fransanın təzyiqi altında olan ölkələrdən belə addımlar atılsın. İtaliyadan da belə addım, açığı, gözlənilmirdi. Çünki İtaliyanın indiki hakimiyyəti nə qədər sağçı olsa da, müəyyən qədər xristian dəyərlərinə arxalansa da, İtaliya Azərbaycanın ən əsas ticarət partnyorudur. İtaliya gözünü Azərbaycandan gələcək 10 milyard kub metrdən çox qaza dikib. İndiki şaxtalı qışda Avropada qaz-enerji qıtlığı var. Qiymətlər də yüksəlməkdədir. Belə olan vəziyyətdə Azərbaycandan gələcək olan təbii qaza və təbii resurslara qarşı İtaliya hakimiyyətinin hərhansı bir addım atacağını düşünmürəm” - deyən Turab Rzayev bildirib ki, İtaliya Azərbaycanın neft ixracında həcmə görə, birinci ticarət partnyorudur. Belə olan halda, İtaliya Azərbaycandan gələn neftlə-qazla bağlı Fransa kimi hərhansı bir addıma qoşulmaz. Ümumiyyətlə, İtaliya Fransanın bir çox kolonial məntiqsiz qərarlarını qəbul etmir. İstər Afrika ilə bağlı olsun, istər Qafqazla, istərsə də Avropa daxili məsələlərdə olsun, İtaliya öz siyasətini qoruyub saxlayır.
Politoloq hesab edir ki, hələ bundan sonra da Avropa parlamentinin üzvləri bir sıra təkliflər irəli sürəcək.
“Ola bilsin, bir neçə nəfər İtaliyadan, bir neçə nəfər fərqli ölkələrdən belə çıxışlar etsin. Amma mən bunun kütləvi hal alacağına inanmıram. Çünki İtaliya və Balkan ölkələri hal-hazırda Azərbaycandan gələcək təbii qaza gözlərini dikiblər. Və onlar Azərbaycana qarşı sanksiyalarda yer alaraq, “öz dabanlarına güllə sıxmayacaqlar” - deyə politoloq qeyd edib.
Türkan, Bizimyol.info