Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa iqtisadiyyatı yavaşlayır – Azərbaycana nə kimi təsirləri var?
Avropa iqtisadiyyatı yavaşlayır – Azərbaycana nə kimi təsirləri var?
"Avropa Statistika Bürosunun məlumatına görə, ardıcıl iki rüb 0,6-0,8% böyüyən Avrozona iqtisadiyyatının bu ilin 3-cü rübündə real artım tempi gözləntilərə uyğun olaraq, 0,2% qeydə alınıb. Bölgə iqtisadiyyatında artımın zəifləməsinin əsas səbəbi isə regionda davam edən Ukrayna-Rusiya müharibəsi fonunda istehlak qiymətlərinin və xarici ticarət kəsrinin artmasıdır. Belə ki, 10,7%-lə inflyasiya rekordu yaşayan Avropada sentyabr ayı üzrə ticarət kəsiri 4 dəfədən çox artaraq 34,4 milyard avroya yüksəlib".

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, Avropa Komissiyası  2022-ci ilin dördüncü rübündə və 2023-cü ilin ilk üç ayında iqtisadiyyatın kiçiləcəyini gözləyir. Çünki yüksələn enerji qiymətləri və artan faiz dərəcələri borclanma gücünü və inamı sarsıdır.

Pünhan Musayev Pünhan Musayev

  • Avrozona iqtisadiyyatının zəifləməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

“Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı xaricdən asılı iqtisadiyyatdır. Bu baxımından, Avropa iqtisadiyyatının təsirini 2 cür qiymətləndirə bilərik: birincisi, ölkə ixracının 90%-dən çoxunu neft-qaz məhsulları təşkil edir ki, aparıcı enerji idxalatçısı və dünyanın 3-cü böyük iqtisadiyyatı olan Avropada baş verən istənilən durğunluq və ya yavaşlama azalan tələb fonunda enerji qiymətlərinin də ucuzlaşmasına zəmin yaradır. Bu da nəticədə ixracımız üçün heç də arzuolunan nəticə vəd etmir; ikinci bir tərəfdən, Avropa Azərbaycanın mühüm ticarət partnyorudur. Belə ki, 9 ayın nəticələrinə əsasən, Avropa ilə Azərbaycan arasında mal ticarəti həcmi 21 milyard dollardan çox olmuşdur ki, bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin yarıdan çox hissəsi deməkdir” - deyən iqtisadçı qeyd edir ki, ikili mal ticarətinin 90%-dən çoxunu ölkəmizdən Avropaya ixrac olunan mallar təşkil edir. Bu da Avropada baş verən ani bir təlatümün bir başqa prizmadan Azərbaycan iqtisadiyyatına necə təsir etmə imkanını göstərir.

İqtisadçının sözlərinə görə, pandemiya dövrü biz bunun bir dəfə şahidi olmuşduq. Belə ki, 2019-cu ilə nisbətən 2020-ci ildə ölkənin ümumi ixracı təxminən 6 milyard dollar azalmışdısa, azalmanın 4 milyard dollara qədəri məhz Avropaya ixrac üzrə qeydə alınmışdı.

“Eyni zamanda hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin edən aparıcı sütunlardan biri strateji valyuta ehtiyatlarında yüksək paya sahib Dövlət Neft Fondu aktivləridir. Hansı ki, bu gün Fond aktivlərinin hər 100 dollarının 19-u məhz avro ilə ifadə edilir və investisiya portfelinin 1/3 hissəsi Avropanın üzərində təmərküzləşməkdədir. Baxmayaraq ki, qlobal bazarlarda son günlər dolların kəskin bahalanmasının səngiməsi ilə qitə valyutası əvvəlki səviyyələrini bərpa edir, lakin istənilən neqativ göstərici avro kimi həssas valyutanın yenidən dəyər itirməsinə zəmin yarada bilər” - deyən Pünhan Musayev həmçinin əlavə edib ki, belə bir halın baş verməsi də qeyd etdiyimiz səbəblərdən irəli gələrək, Azərbaycan iqtisadiyyatının ticarət və maliyyə balansında ciddi risklərə yol aça bilər.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »