Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb. Onun sözlərinə görə, müharibə dövründə də Rusiya Ukraynanın mülki infrastrukturunu hədəfə alıb. Hərbi obyektlərdən kənar infrastrukturlar da məhv edilib və Ukrayna şəhərləri darmadağın vəziyyətdədir. Bu səbəbdən də, Rusiyaya qarşı, belə sərt bir qətnamə qəbul olunub.
“Görünür ki, Rusiya tərəfi bu təzminatın ödənilməsindən boyun qaçıracaq. Özü üçün hansısa hüquqi fond yaradacaq ki, bütün öhdəliklərdən boyun qaçırsın. Qeyd edək ki, müharibə hələ də davam edir. Beynəlxalq ictimaiyyətin Rusiyanı qınaması və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı həyata keçirilən fəaliyyət, həm də Rusiyanı qınaq obyektinə çevirir və Rusiyaya qarşı fəaliyyəti daha da genişləndirməyə səbəb olur” - deyən politoloq bildirib ki, dünya ölkələri də bugün Rusiyaya qarşı birləşiblər.
BMT-nin səs verməsində Rusiyanın lehinə, qətnamənin əleyhinə səs verən dövlətlərin siyahısına baxanda görürük ki, əsasən Rusiyanın geosiyasi təsiri olan dövlətlər burada yer alırlar. Lakin bu, yetərsizdir və böyük ictimaiyyət Rusiyanın bu işğalçılıq planlarını qınayır və ona qarşı çıxır. Bunun nəticəsidir ki, artıq qətnamə qüvvəyə minib. Politoloq hesab edir ki, bu qətnamənin icrası problematiktir. Çünki BMT-nin elə bir mexanizmi yoxdur ki, Rusiyanı bu işə vadar etsin. Belə ki, Rusiya tam məğlub olarsa və təzminatın ödənilməsi ilə bağlı öhdəlik götürərsə, bu BMT-nin uğuru kimi qiymətləndiriləcək.
“İndiki vəziyyətdə Rusiya bu qəbul olunan qərarları bir kağız parçası hesab edir və öz planlarından da geri çəkilmək niyyətində deyil” - deyə İlyas Hüseynov vurğulayıb.
İlahin, Bizimyol.info