Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə cüyürü vurmaq istərkən dostunu necə öldürdü...
Şəkidə cüyürü vurmaq istərkən dostunu necə öldürdü...

Şəkinin Baş Küngüt kənd sakini, kənddəki dağlıq-meşəlik ərazidə cüyürü vurmaq istərkən atdığı güllə ilə dostunu öldürən 36 yaşlı Pərvin İsmayılova 3 il həbs cəzası kəsilib. O, ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinib.

Bizimyol.info xəbər verir ki, Pərvin İsmayılovun öldürdüyü Nurlan Mustafayevin ailəsi hökmlə razılaşmır, işin istintaqa qaytarılmasını, ittihamın ağırlaşdırılmasını tələb edir. Onlar hesab edir ki, Nurlan Mustafayev qəsdən öldürülüb.

Pərvin İsmayılov isə əksinə, ona verilmiş 3 il azadlıqdan məhrumetmə cəzasının da yüngülləşdirilməsini, ona azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası kəsilməsini istəyir. O, hadisənin necə baş verməsi haqda danışarkən bildirib ki, inəkləri itmişdi, meşəyə Nurlanla birlikdə onu axtarmağa getmişdilər. Vəhşi heyvandan qorunmaq üçün özlərilə babasından qalmış ov tüfəngi də götürmüşdülər. Meşədə hərəsi bir tərəfə gedərək inəyi axtarırdılar. Meşədə Nurlanın telefon nömrəsinə zəng edib, inəyin izlərini görüb-görmədiyini soruşub. Nurlan görmədiyini deyib. Təxminən saat yarım sonra 30 metr məsafədə cüyür görüb. Heyvanın ağacların arxasından açıq əraziyə çıxmasını gözləyib. Sağ gözündə 4 faiz görmə qabiliyyəti olduğunu deyən Pərvin İsmayılovun sözlərinə görə sol gözü ilə nişan alıb. Yuxarı istiqamətdə olan heyvana atəş açıb. Amma heyvan yıxılmayıb və qaçmağa davam edib. Onda başa düşüb ki, güllə cüyürə dəyməyib. Həmin vaxt Nurlan qışqıraraq, “mənə atdın, mənə atdın” deyib.

“Başa düşdüm ki, atdığım güllə Nurlana dəyib. Nurlan məndən 40-60 metr aralıda olardı onda. Qaçıb Nurlanın yanına getdim...”

Şəki Apellyasiya Məhkəməsində çıxış edən Pərvin İsmayılov bildirib ki, himayəsində iki azyaşlı uşağı, xəstə anası var. O, əlavə edib ki, zərərçəkmiş tərəflə barışmağa cəhd eləsə də, qarşı tərəf razılaşmayıb.

Şəki Apelyasiya Məhkəməsi tərəflərin heç birinin şikayətini təmin etməyib. Əvvəlki hökm – Pərvin İsmayılovun ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinib, 3 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »