Dünən yenə bir dəstə casus tutuldu. Bu haqda rəsmi məlumat yayıldı. Təbii ki, Dövlət Təhlükəsizliyi Xidməti tutub. Həm də söhbət tək-tək casusluqdan getmir; İranın xeyrinə casusluq edən şəbəkədən bəhs olunur.
Şəbəkədirsə, deməli, illərlə, onillərlı formalaşmış mütəşəkkil casus "ordusu"ndan danışmaq olar. O müddətdə bizim əks-kəşfiyyatımız hara baxıb?! Bu da bir sualdır. Amma keçmiş təhlükəsizlik zabitlərinin məhkəmə proseslərini izləsək, aydın olar ki, hara baxıblar. Heç olmasa, indi gərək olan yerə baxsınlar...
Bəli, qısa müddətdə bir neçə belə əməliyyat olub, tutulanlar var. "Qardaş", dediyi, qonşu dediyi ölkənin -Azərbaycanın içində İran kəşfiyyatının bu miqyasda iş aparması, şəbəkə qurması faktik düşmənçilik hərəkətidir. Başqa adı yoxdur. Yalnız iradəsi zəif insan, cahil insan öz ölkəsinin əleyhinə xəbərçilik edər. Pozuculuq edər. Bu cür adamları "Dədə Qorqud" filmindəki Yalançı oğlu Yalıncığa bənzətmək olar. Öz obasına yalan xəbər gətirib düşmənə, özgəsinə casusluq edir. Onun üçün müqəddəs heç nə yoxdur. Öz el-obasından olan igidi yada satıb, onun nişanlısına göz qoyacaq qədər şərəfsiz biri! Əgər bir şəxs üçün müqəddəs heç nə yoxdursa, onu nə din maraqlandırır, nə Allah, nə Peyğəmbər. Elə məzhəb də maraqlı deyil. Bütün dəyərlərini itirib (əgər vardısa). Qonşu dövlətin toruna düşüb. Artıq könüllümü düşüb, könülsüzmü - önəmi yoxdur; Vətəni satıb. Vətənə isə biz "ana" deyirik.
İran bu cür dayanıqsız, müqəddəsliklərə arxa çevirmiş vətəndaşlarımızı öz Vətəninin ayağına daş kimi bağlayır. Bunlara "soydaş" deyə biləcəyikmi?! Soysuz daş! Bir vətəndaş ölkəsini yada satırsa, artıq özünü Vətəninə qarşı - Vətəndən qıraqda qoyur və olur vətənsiz daş. Artıq cansız cismdir, quruca isimdir. Tehran rejimi və ya başqa bədxah rejimlər o daşı götürüb bizə atır. Ən qorxulusu da odur ki, Allah adından, İslam adından atır. Adını "İslam respublikası" qoyub, ancaq gerçək İslama qarşı çıxıb. Din xadimləri və dindar kəsimi üç yerə bölərdim: bir qism Allahın adından Allahın sözünü deyir. Bir qrup öz sözünü Allahın adından deyir. Üçüncü qrup isə Allahın adından özünün deyil, başqasının sözünü deyir. Birincilər əsl mömin din adamlarıdır. İkinci, üçüncülər yox. Allah adından danışa-danışa Allahsızlıq edənlərə işləyənlər din adına ləkədir. Həm də böyük bir qara ləkə. "Haramdır" deyib donuz əti yeməməklə iş bitmir. Məsciddə donuz saxlayan işğalçı, barbar zehniyyətlə müttəfiqlik, dostluq, hətta qardaşlıq etməyin adı, Sizcə, nədir?! Torpağını azad edən əsgərimizin yolunu kəsib Ermənistana daha çox övladımızı şəhid etmə fürsəti verən bir klerikal dövlətdən danışırıq. İrandan söhbət gedir. Bizim ölkədəki bəzi qruplar və şəxslər də belə məkrli, iyrənc oyunların girdabıns yuvarlanır. Allahın, dini müqəddəslərin adından Tehran rejiminə sözün birbaşa mənasında QULLUQ edirlər. Dolayısı ilə Ermənistanın da qulu olmuş olurlar. Çünki İran Ermənistana bütün işğal dövründə və indi də fəal dəstək verir. Belə bir rejiminmi qulluğunda dayanır bəzi "mömin" şəxslər və qruplar. Tehran rejiminə casusluq xidməti Ermənistana da işləməkdir. Çünki İran Azərbaycanda topladığı kəşfiyyat məlumatlarını Ermənistana verir, o məlumatlar isə silaha çevrilib əsgərimizi hədəfə alır. Deməli, Tehran rejiminə işləyənlər təkcə casus deyil, həm də qatillərdir. Öz əsgərinin qatili. Ya da bu qətlə kömək etmiş biri. Əslində o əsgər bu "mömin"lərin özünü, ailəsini, bir sözlə, varlığını və şərəfini qoruyurdu. Əli sənin namusunu qoruyan əsgərimin qanına batanlara qulluq edirsənsə... Nə isə. Sözün bitdiyi yer!
Seyid Əhmədli, Bizimyol.info