Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"200 milyarda yaxın bir məbləğin ödənilməsi mübahisə olunur" - Ermənistan təzminat ödəyəcəkmi...
"200 milyarda yaxın bir məbləğin ödənilməsi mübahisə olunur" - Ermənistan təzminat ödəyəcəkmi...
BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul edib. Qətnamənin lehinə 94 ölkə, əleyhinə 14 ölkə səs verib və 73 ölkə bitərəf qalıb.

Politoloq Turan Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qəbul edilən qətnamə əslində yerində və doğru bir qərardır. Çünki faktiki olaraq, Rusiya Ukrayna ərazilərini işğal etmişdi. Hər nə qədər ilk başda hibrid müharibə kimi görünsə də, faktiki olaraq işğal müharibəsidir. Bu isə, beynəlxalq hüququn bütün normalarının kobudca pozulması, eyni zamanda ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı qəbul edilmiş vahid prinsiplərin heçə sayılmasına bərabərdir.

Turan Rzayev Turan Rzayev

“İndiki məqamda müharibə davam edir. Buna görə də, təzminat məsələsindən danışmaq üçün tezdir. Müharibə gec-tez bitəcək. Qalib və məğlubun kim olmasından asılı olmayaraq, Rusiya tərəfi Ukraynaya vurduğu zərərin təzminatını ödəməlidir. Əgər Rusiya bundan imtina etsə, təbii ki, sanksiyalar və siyasi təzyiqlər davam edəcək və mövcud situasiya öz həllini tapmayacaqdır” - deyə politoloq bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan məsələsinə gəldikdə, BMT-nin sərgilədiyi bu mövqe öz növbəsində ikili standartlardan xəbər verir.

“Düzdür, BMT Azərbaycan-Ermənistan “Qarabağ” münaqişəsində 4 qətnamə etmişdi. Bu 4 qətnamənin hər biri əslinə qalsa, bizim üçün müsbət sayıla bilər. Bununla belə, qətnamələr bugünə qədər icra edilməmişdir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə faktik olaraq, BMT qətnamələrinin də hərbi yolla icrasını təmin etmiş oldu. Təzminat məsələsinə gəldikdə, təzminat bugün də gündəmdədir” - deyə, politoloq əlavə edib.

Turan Rzayev bildirir ki, müxtəlif rəqəmlər səsləndirilir. 120 milyard, 170 milyard, 200 milyarda yaxın bir məbləğin ödənilməsi mübahisə olunur. Amma bu məbləği bu gün Ermənistan tərəfi ödəyə bilməyəcək. Amma istənilən halda bugün Rusiyaya qarşı qəbul edilən bu qətnamənin bənzər forması Ermənistan üçün də edilməlidir. Yəni Ermənistanın da Azərbaycana təzminat ödəmə məsələsi ən yüksək səviyyədə yəni BMT tərəfindən qəbul ediləcək qətnamə ilə təsdiqini tapmalıdır.

Politoloq bildirir ki, belə bir qətnamə qəbul edilsə də, Ermənistan bundan boyun qaçırmağa çalışacaq. Ən azından, Azərbaycan tərəfi bu qətnamənin əsasında Zəngəzur dəhlizi istiqamətində təzyiqlərini, hüquqi aspektləri də artıra bilər. Buna görə də, bənzər formada bir qətnamənin Azərbaycan tərəfi üçün də qəbulu vacibdir.

“Yəni Azərbaycan tərəfindən müraciət edilməlidir. Qətnamənin qəbul edilməsi üçün bütün daimi üzvlərin də bunda dəstək verməsi lazımdır. Prinsip etibarı ilə, qətnamənin qəbul edilməməsi üçün bir səbəb yoxdur. Amma Azərbaycana qarşı ikili standartların şahidi oluruq. Azərbaycan tərəfi Avropaya müəyyən müraciətlər etməlidir. Yəni heç bir fəaliyyətsizlikdənsə, ümumiyyətlə, bu istiqamətdə addım atmaq lazımdır. Təcrübə göstərir ki, Azərbaycan bugünə qədər dəfələrlə müraciətlər edib. Bu, ən azından hüquqi bazanı yaratmaq üçün lazımdır” - deyə Turan Rzayev bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »