Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nelli Minasyan: "İstanbul partlayışından Suriyada yeni müharibə üçün istifadə edilə bilər”
Nelli Minasyan: "İstanbul partlayışından Suriyada yeni müharibə üçün istifadə edilə bilər”
“İstanbuldakı partlayışdan dərhal sonra Türkiyə hakimiyyəti Suriyadakı kürd qüvvələrini təşkilatçılıqda ittiham etdi - bu, onların döyüş əməliyyatlarını bərpa etməsi üçün yaxşı səbəbdir”.

Bizimyol.info erməni saytlarına istinadla xəbər verir ki, bunu türkoloq  "Sputnik Ermənistan"-a bildirib.

Minasyan iddia edib ki, Türkiyə hakimiyyəti cinayətin üstü açıldığını elan etməyə tələsir və Kürdüstan Fəhlə Partiyasının üzərinə atmağa çalışır:

“Digər tərəfdən, Türkiyədə baş verən terror hadisəsindən dərhal sonra sosial şəbəkələrin işi məhdudlaşdı, məlumatlar ancaq kürdlərə və ABŞ-a qarşı hakimiyyətə lazım olan ittihamlar formasında təqdim edildi. Hətta partlayış yerindən xəbərlərin dərcinə də müvəqqəti qadağa qoyuldu”.

Minasyanın sözlərinə görə, Ankara uzun müddətdir ki, PKK-nın NATO və dünyada terror təşkilatı kimi tanınmasına çalışır. Suriyadakı Kürd Özünümüdafiə Qüvvələri (YPG) məsələsində də eyni siyasət aparılır:

“ABŞ, kürd qüvvələrini himayə edir və partlayışdan sonra Türkiyə hakimiyyəti birbaşa Vaşinqtonu günahlandırır”, - deyən Minasyan Türkiyə Xarici İşlər Nazirliyinin Amerika hakimiyyətinin başsağlığını qəbul etmədiyinə də diqqət çəkib.

Erməni ekspertin fikrincə, ilk dəfə olaraq kürdlərin dəstəyi sayəsində cəmiyyətdə belə güclü anti-Amerika əhval-ruhiyyəsi hakimiyyət və hökumətyönlü media tərəfindən formalaşır:

“Türkiyə hakimiyyəti baş verənləri müəyyən dərəcədə onlara qarşı təxribat hesab edir, bunu 2023-cü ilin yayında keçiriləcək seçkilərlə əlaqələndirir - Qərbin hazırkı rəhbərlikdən qurtulmaq istədiyi açıq-aydın görünür.

Digər tərəfdən, Ankara bu hadisədən Suriyada yeni hərbi əməliyyatlar keçirmək üçün istifadə etməyə çalışacaq ki, bu da prezident Rəcəb Tayyib Ərdoğana dəstəyi artıra bilər. Məhz bu səbəbdən əsas şübhəlinin Suriyanın şimalından, Afrin üzərindən gəldiyi barədə məlumatlar yayılır.

Türkiyədə seçkilər ərəfəsində müxtəlif ssenarilər müzakirə olunur - Ərdoğan öz reytinqini yüksəltmək üçün hansı addımları ata bilər. Digər məsələlərlə yanaşı, xarici hərbi kampaniyalar və ilk növbədə, ölkədə hərbi əməliyyatların aparılması zərurətindən danışılır”, - deyə Minasyan bildirib.

Xatırladaq ki, ötən bazar günü İstanbulun mərkəzində partlayış baş verib. Son məlumatlara görə, 6 nəfər həlak olub, 80-dən çox insan yaralanıb. İstintaq aparılır, baş verənlərin əsas versiyası terror aktıdır. Hadisədə şübhəli bilinən 46 nəfər saxlanılıb, əsas şübhəli şəxs Kürdüstan Fəhlə Partiyası (Türkiyədə terrorçu kimi tanınan) ilə əlaqəsi olan Suriya vətəndaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »